
“Müsavatla AXCP arasında yaşanan qalmaqal arzu olunan deyil. Mən bu qarşıdurmanı yaxşı qarşılamıram”. Bunu Modern.az-a Müsavatın keçmiş Məclis və Divan üzvü, professor Adil Qeybulla deyib. O, ölkənin aparıcı müxalifət partiyaları arasında qarşılıqlı ittihamları şərh edərkən bildirib ki, təhqir dolu və kəskin çıxışlardan çəkinmək lazımdır.
A. Qeybullanın sözlərinə görə, AXCP və Müsavat arasında körpülərin yandırılması lazım deyil: “Hədəfləri eyni olan iki təşkilatın, bir hərəkatdan çıxan qüvvələrin bu cür münasibəti yaxşı hal deyil. Arzu edirəm ki, münasibətlər öz məcrasına düşsün. Onu da deyim ki, hər iki tərəfdə münasibətləri gərginləşdirməyə meylli olan qüvvələr var”. Müsavat üzvü bildirib ki, bu tendensiya açıq şəkildə hiss olunur: “Ümumiyyətlə, bu proseslər göstərir ki, Azərbaycanda siyasi mədəniyyət aşağı səviyyədədir”.
Aqşin Kərimov