Modern.az

Milli Şura üzvlərindən İbrahimbəyovun lider olması təklifinə REAKSİYA

Milli Şura üzvlərindən İbrahimbəyovun lider olması təklifinə REAKSİYA

Təhsil

13 Yanvar 2014, 12:12

“El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla bağlı yeni təklif irəli sürüb. O, Rüstəm İbrahimbəyovun Milli Şurasının lideri olmasının tərəfdarıdır. Onun fikrincə, İbrahimbəyov lider olarsa, Milli Şuradakı böhran aradan götürülər.

Milli Şuranın sədri və üzvləri Eldəniz Quliyevin təklifinə münasibət bildiriblər.

Milli Şuranın sədri Cəmil Həsənli Modern.az-a açıqlamasında bu təklifi müsbət qiymətləndirib: “Onun lider olmasına müsbət yanaşıram. Onsuz da Rüstəm İbrahimbəyov Milli Şuranın lideridir. Rüstəm bəy Milli Şurada böyük fiqurdur. Bu həftə Milli Şuranın sessiyası keçiriləcək. Sessiyada hər şey həllini tapacaq. Yəqin ki, bu gün sessiyanın vaxtı elan olunacaq”.  

Milli Şuranın üzvü, hüquqşünas Vidadi Mirkamal bildirib ki, qurumun üzvləri Rüstəm İbrahimbəyovun ətrafında birləşib: “Mənə elə gəlir, o mərhələ keçilib. Sessiyanın da qərarı var ki, Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədri olsun. Sonra Müsavat Partiyasının təzyiqi altında Rüstəm İbrahimbəyov sədrlikdən imtina etməklə bağlı ərizə ilə müraciət edib. Növbəti sessiyada onun istefasını qəbul etməmək lazımdı. Bu həm də bizim əsasnaməyə uyğundu. Hazırda narazı olanlar Milli Şuranı tərk edib, kim qalıb ki? Qurumda qalanlar Rüstəm bəyin ətrafında birləşən şəxslərdir. Onun lider və ya fəxri sədr kimi qalması o qədər də əhəmiyyətli deyil. Çünki Milli Şurada İbrahimbəyovu sevən insanlar toplaşıb”.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı bu təklifi narazılıqla qarşılayıb: “Eldəniz Quliyevin Rüstəm İbrahimbəyovu bu cür təqdim etməsi Cəmil Həsənlinin qüruruna toxunacaq. Cəmil bəyi aşağılamaq olmaz. O, Milli Şura üçün xeyli iş görüb. Hazırda da Milli Şura üçün çalışır. Cəmil Həsənlinin günahı deyil ki, Milli Şuranın təməlini qoyan partiyalar qurumu tərk edirlər. Cəmil bəyi meydanda tək qoymaq olmaz. Biz irəli çıxanları vurmağa öyrəşmişik. Bu, müxalifət olaraq, hamımızın problemidir. Rüstəm İbrahimbəyov lider olacaqsa, bəs Cəmil Həsənli necə olacaq?! Məsələni hərtərəfli düşünmək lazımdır. Mənim üçüm Rüstəm İbrahimbəyov böyük ziyalıdır, başqa heç kim. Bu məsələ sessiyada səsverməyə çıxarılsa, əleyhinə səs verəcəm.

İlkin Pirəli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!