Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyəni sarsıdan korrupsiya və rüşvət ittihamları ilə əlaqədar nəzarətə alınanlarla eyni vaxtda saxlanılmasından xeyli vaxt ötür.
Qeyd edək ki, bu, indiyədək azərbaycanlı məmurun xarici ölkədə həbs olunmasına dair ilk haldır.
Türkiyə polisinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin həyata keçirdiyi əməliyyatlar nəticəsində saxlanılan Azərbaycan məmuruna məhkəmənin qərarına əsasən 3 ay həbs qəti-imkan tədbiri seçilib. Qarsda həbs olunan gömrük xidməti rəisinin həbsxana divarları arasında keçirəcəyi 3 aydan sonra məhkəmənin qərarının yenidən nə olacağını isə indidən bilmək olmaz. Bəlkə də M.Seyidovun təqsirsiz olduğu üzə çıxacaq? Ya ona qarşı əlavə ittihamlar irəli sürüləcək? Hər halda bunu demək tezdir. Ancaq M.Seydovun həbsi onun Azərbaycana ekstradisiyası kimi vacib bir məsələni gündəmə gətirə bilər ki, bu haqda da Bakı hələlik bir açıqlama verməyib. Gömrük rəisini ölkəyə gətirmək istiqamətində danışıqların getməsi də məchul olaraq qalır.
Modern.az saytı olaraq Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxlayıb. Nə qədər qəribə olsa da, baş diplomatik korpusun mətbuat xidməti bildirib ki, sözügedən problemin həlli onların səlahiyyətində deyil. (Daha doğrusu danışıqlar məsələsi).
Xarici İşlər Nazirliyi isə hələlik danışıqlar prosesinin aparılması ilə bağlı hər hansı bir məlumata malik olmadığını söyləməklə kifayətlənib.
Dövlət Gömrük Komitəsi də susur. Komitənin mətbuat xidmətinin rəhbərinin telefonlarına cavab verən yoxdur.
Maraqlıdır, görəsən Azərbaycan məmurunun taleyi necə olacaq? Öz doğma vətəninə gətiriləcəkmi, yoxsa Türkiyə həbsxanasında qalacaq? Bu suala cavabı rəsmi dairələr verəcək. Amma nə zaman, o da bəlli deyil.
Aqşin Kərimov