Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Gürcüstan Respublikasının prezidenti Georgi Marqvelaşviliyə müraciət edib. QAT mətbuat xidmətindən Modern.az-a daxil olan müraciətdə deyilir:
“Hörmətli cənab prezident.
Azərbaycana səfəriniz ərəfəsində həm Azərbaycan, həm də Gürcüstan üçün vacib olan bir neçə problemlə bağlı Sizə müraciət etməyi özümüzə borc bildik. Biz ictimaiyyət, vətəndaş cəmiyyəti nümayəndəsi olaraq bu problemlərin böyüməsini, qarşılıqlı narahatlıq yaratmasını, iki millət və dövlətin münasibətlərinə xələl gətirməsini istəmirik. Təəssüflə bildiririk ki, belə bir təhlükə mövcuddur. Biz Gürcüstanı və gürcü millətini özümüzə dost dövlət və millət hesab edirik və Sizdən də eyni münasibəti gözləyirik, lakin bu günə qədər istədiyimiz münasibəti hələlik görməmişik.
Birincisi, Azərbaycan hökuməti həmişə birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünə dəstək verib. Rusiya kimi iddialı və aqressiv bir dövlətdən çəkinmədən bu ölkənin Gürcüstan torpaqlarını işğal etməsini qətiyyətlə pisləyib, Abxaziya və Cənubi Osetiyanı Gürcüstan əraziləri hesab etdiyini dəfələrlə bildirib. Gürcüstanın baş naziri İrakli Qaribaşvili cənabları da Azərbaycana son səfəri zamanı “Gürcüstanın ərazi bütövlüyünə davamlı dəstəyinə” görə Azərbaycan prezidentinə minnətdarlığını bildirmişdi. Təəssüf ki, biz Sizin hakimiyyətdən eyni münasibəti görmür, əksinə, nə üçünsə işğalçı Ermənistanın şıltaqlıqları ilə oynadığınızı, lüzumsuz bir “neytrallıq” siyasətinizi müşahidə edirik. Biz bu siyasəti başa düşə və qəbul edə bilmərik. İşğalçı öz adı ilə adlandırılmalı, işğala məruz qalan tərəfə isə açıq dəstək verilməlidir. Biz dostluq, qonşuluq münasibətini belə görürük. Sizi özümüzə dost bilir və seçiminizi etməyinizi istəyirik: işğalçı Ermənistanlasınız, yoxsa bizimlə? Artıq seçim etməyin vaxtıdır.
İkincisi, Gürcüstana bir az öncə səfərimiz zamanı azərbaycanlıların əvvəlcədən də bildiyimiz və növbəti dəfə gördüyümüz çox sayda problemləri ilə üzləşdik. Orada azərbaycanlıların problemlərinə heç bir diqqət yetirilmir. Belə bir yanaşmanın şahidi olduq ki, azərbaycanlıların problemlərini həll etmək deyil, həmin problemlərin Gürcüstan hakimiyyəti üçün çətinlik yaratmamasına çalışırlar. Ona görə də bölgəyə yerli əhalinin problemləri ilə tanış olan, həmin problemləri həll etmək istəyən adamlar deyil, mərkəzi hakimiyyətə yarınan, daha pisi, Arnold Stepanyan deyilən mafiozun rəhbərlik etdiyi erməni lobbisinin təsiri altında olan, onlara xidmət edən şəxslər nümayəndə kimi təyin olunurlar. Bölgənin icra strukturlarına, təhsil sisteminə, dini qurumlarına rəhbərlik edənlərin, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin, digər rəsmi qurumların bölgəyə göndərilən nümayəndələrinin böyük əksəriyyəti bu cür adamlardır. Bu, yaxşı sonluqla qurtarmayacaq, bu siyasətə son qoyulmalıdır.
Üçüncüsü, yer,şəhər, kənd, çay adları kobud və primitivcəsinə gürcüləşdirilir. Bölgənin qədim “Borçalı” adının üzərindən xətt çəkib, “Kvemo Kartli” adlandırırsınız. Adların sonuna “i”, “o” artırmaqla, Sadaxlını “Sadaxlo”, Qaçaqanı “Qacaqani”, Marnulu “Marneuli” və s. etməklə nəyə nail olmaq istəyirsiniz? Ermənilərin yaşadıqları ərazilərdə nə üçün bunları edə bilmirsiniz? Deməli, sizlərdə belə bir fikir var ki, azərbaycanlılara qarşı nə istəsən edə bilərsən. Bu yanlış mövqedən çəkinməlisiniz.
Dördüncüsü, ermənilər Gürcüstanda antiazərbaycan siyasəti aparmaq üçün özlərini çox rahat və cəzasızlıq şəraitində hiss edirlər. Belə təsəvvür yaranır ki, Gürcüstan hökumətinin azərbaycanlılara münasibətdə siyasətini Arnold Stepanyan və onun ermənilərdən ibarət mafioz qrupu müəyyən edir. Bu mafioz erməni doğurdanmı Gürcüstan hakimiyyətinə bu qədər əzizdir?! Bu erməni mafiyası azərbaycanlıların yaşadıqları Təkəli kəndində 5 hektarlıq torpaq sahəsini ələ keçirib, orada bazar açmağa, oraya Ermənistandan dəmir yolu çəkməyə hazırlaşır, əslində ermənilər orada antiazərbaycan mərkəzi yaratmaq niyyətindədirlər. Gürcüstan – Ermənistan sərhəddinin azərbaycanlılar yaşayan hissəsi tam müdafiəsiz vəziyyətdədir, Ermənistan azərbaycanlıların yaşadıqları Xuludərə kəndi istiqamətində sərhəd xəttini irəli çəkib, kəndin bilavasitə yaxınlığında hərbi kazarma tikib, əsgərlərini yerləşdirib, kənd sakinləri erməni əsgərlərinin təhdid və təhlükəsi altındadırlar, dəfələrlə dinc azərbaycanlıların oğurlanması halları baş verib. Biz buna nə ad verə bilərik? Bu, nə cür sərhəd qorumaqdır? Siz azərbaycanlıları, bizim soydaşlarımızı, öz vətəndaşlarınızı nə üçün erməni əsgərlərinin ixtiyarına buraxmısınız, müdafiəsiz qoymusunuz?
Hörmətli cənab prezident .
Xahiş edirik ki, bizim müraciətimizi düzgün başa düşəsiniz. Biz Sizin dövlətin daxili işlərini qarışmaq istəmirik. Amma belə bir deyim var ki, insan haqları heç bir dövlətin daxili işi ola bilməz. Bizi soydaşlarımızın haqları narahat edir, biz bu məsələdə biganə qala bilmərik. Həmçinin qonşuyuq, qonşuluğumuzu nizama salmalıyıq. Biz olan problemlərin, həlli həm Sizin üçün, həm də bizim üçün vacib olan problemlərin bir hissəsini diqqətinizə çatdırdıq. Biz Azərbaycan – Gürcüstan münasibətlərinin həmişə ən yüksək səviyyədə olmasını, bu münasibətlərə xələl gətirəcək problemlərin aradan qaldırılmasını, bu münasibətləri yaxşılaşdıracaq addımların atılmasını istəyirik. İnanırıq ki, Siz də bizim kimi düşünürsünüz. Ümid edirik ki, müraciətimizə diqqətlə yanaşacaqsınız”.