Uzun müddətdir müzakirə olunan “Diffamasiya haqqında” qanunun yenidən Milli Məclisin gündəliyinə salınacağı söylənilir. Qeyd edək ki, sözügedən qanun bir müddət əvvəl Milli Məclisin müzakirəsindən birdəfəlik çıxarılıb. Buna baxmayaraq, Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün çıxışlarında “Diffamasiya haqqında” qanunun vacibliyini və layihənin qəbul olunacağı ilə bağlı fikirlər səsləndirir.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid Modern.az-a bildirib ki, qanunun müzakirəsi Milli Məclisin gündəliyindən müvəqqəti çıxarıla bilər. Onun sözlərinə görə, son vaxtlarda internet medianın yaranması “Diffamasiya haqqında” qanun layihəsinə də dəyişiklikləri də vacib edib. Odur ki, qanunda hansısa texniki məqamlarda dəyişikliklər olmalıdır: “Yeni situasiya yarandığından internet medianı da həmin qanuna əlavə etmək lazımdır. Çünki bu da mətbuatın bir hissəsi sayılır. Ola bilsin ki, qanunla bağlı hansısa texniki düzəlişlər edilməlidir. Təbii ki, bunlar da müzakirə olunmalı, əlavələr edilməli, sonradan Milli Məclisin müzakirəsinə verilməlidir. Yəqin ki, buna görə də qanun layihəsi Millin Məclisin gündəliyindən müvəqqəti çıxarılıb”.
Qeyd edək ki, xeyli meddətdir Milli Məclisdə müzakirəsi gözlənilən “Diffamasiya haqqında” qanun layihəsinin qəbul olunmayacağı ilə bağlı rəsmi açıqlama verilib. Belə ki, sözügedən qanun layihəsi Milli Məclisin gündəliyindən çıxarılmışdı. Artıq qanun layihəsinin müzakirəsinin dayandırılmasını parlamentdən də təsdiqləyiblər. Diffamasiya ilə bağlı qanun layihəsini Mətbuat Şurası hazırlayıb və ATƏT-in dəstəyi ilə layihə Avropanın bir sıra ekspertləri tərəfindən təkmilləşdirilib. Layihənin ötən ilin sonuna kimi qəbul olunması gözlənilirdi. Bu qanunda əsas məqam jurnalistin yazdığı yazıya görə həbs olunmaması idi. Yəni, Cinayət Məcəlləsinin 147, 148-ci maddələri jurnalistlərə şamil olunmayacaqdı.
Gültəkin Ələsgər