“Müsavat Partiyası Milli Şura ilə bağlı qərar verdi. Mən də o partiyanın üzvü olduğumdan qurumdan istefa verdim”. Bu barədə Modern.az-a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyib. O bildirib ki, Milli Şuraya Müsavat Partiyası adından qoşulmayıb: “Orada politoloq kimi təmsil olunurdum. Ümumiyyətlə, Müsavatın qərar verməsindən öncə də Milli Şuranın fəaliyyətinin davam etdirilməsinin əleyhinə idim. Bunu tam səmimi deyirəm. Düşünürəm, Milli Şuranın fəaliyyətinə bütün partiyalar birlikdə xitam verməli idilər. Bu, daha məqsədəuyğun olardı. Çünki Milli Şura partiyaların güclənməsinə zərbə vurur. Milli Şura seçki ilə bağlı yaranmışdı. Seçki bitəndən sonra qarşıdakı illər ərzində bir blokda qalmaq nə dərəcədə düzgündür, bilmirəm”.
E.Mehdiyev AXCP və Müsavat Partiyası arasında qarşılıqlı ittihamların demokratik düşərgəyə zərbə olduğunu deyib: “Düşünürəm ki,həm Müsavat, həm də AXCP yerlərdə özəklərini gücləndirməlidirlər, maliyyə durumlarını yaxşılaşdırmalıdırlar. Bilirsiz ki, seçki zamanı AXCP və Müsavatın alternativi olmur. Onlar da yenə də bir yerdə olacaqlar. İndi görürəm, hər iki tərəfdən məsuliyyətsiz ittihamlar səsləndirilir. Fikrimcə, bu addımlar nə Müsavatın, nə də AXCP-nin marağına uyğundur. Bu cür addımları ciddi şəkildə pisləyirəm”.
İlkin