Bu il dekabr ayında ölkə ərazisində növbəti dəfə bələdiyyə seçkiləri keçiriləcək. Lakin bu gün bələdiyyələrin fəaliyyətinin cəmiyyət arasında o dərəcədə də hiss olunmur. Ona görə də cəmiyyətdə bələdiyyə seçkilərinə maraq yoxdur. Hətta bələdiyyələrin səlahiyyətlərinin az olmasını qeyd edərək bir çoxları bu seçkilərə qatılmayacaqlarını ifadə edirlər.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvi, millət vəkili Tahir Rzayev Modern.az-a açıqlamasında bu faktla razılaşmayıb.
“Deməzdim ki, bələdiyyə seçkilərinə maraq azdır. Hər bir seçkinin özünün əhəmiyyəti və hər bir orqanın özünün strukturu var. Bələdiyyələrin dövlət və cəmiyyət həyatında öz yeri və rolu var. Keçən 14 il ərzində bələdiyyələr müəyyən qaydada bu rolu göstəriblər. Burada yaxşı işlər olsa da bir çox nöqsanlar da var”.
T.Rzayev bildirib ki, bələdiyyələr bu nöqsanların aradan qaldırması üçün tədbirlər həyata keçirilməli, daha yaxşı işləməli, təşkilatlanmalıdırlar.
“Bələdiyyələrin kadr potensialını artırmalıdır. Onlar istər xarici, istərsə də yerli təcrübəni ümumiləşdirib öz işlərinə tətbiq etməli, maarifləndirmə tədbirlərini genişləndirməli, vətəndaşlarla əlaqələri möhkəmləndirməli, bələdiyyələrinin özlərinin, üzvlərinin aktivliyi artmalıdır. Əlbəttə, belə olan təqdirdə bələdiyyələrin də həyatda müəyyən qədər rolu hiss olunacaq və hiss olunur. Bu gün ölkədə 1718 bələdiyyə var. Deyə bilmərik ki, bu bələdiyyələrin hamısı yaxşı işləyir. Amma işləyən bələdiyyələr çoxdur. Biz tez-tez yerlərdə oluruq, onların işləri ilə maraqlanırıq. Bundan başqa yerlərdə ümumrespublika və regional tədbirlərdə bələdiyyələrin işi ilə tanışlıq göstərir ki, çox yerlərdə bələdiyyəçilik sahəsində təcrübə toplanılıb”.
Deputat bu gün bələdiyyələrin öz işlərinin düzgün və geniş təbliğ etməmələrindən təəssüflənib. “Onlar tədbirlərə geniş yer vermədikləri üçün insanlar arasında belə fikir formalaşır ki, bələdiyyələr yararsız qurumdur, onlar heç bir iş görmür. Ancaq bu gün bələdiyyələr bir şəhərin müəyyən abadlıq, təmizlik, yaşıllaşdırma, yaşıllıqların qorunması tədbirlərini öz üzərinə götürür və bunu yerinə yetirə bilir. Bunlar vaxtında işlərini yaxşı təbliğ etmədikləri üçün fəaliyyətləri də görünmür”.
Tahir Rzayev bələdiyyə seçkilərinə qatılmayanların olmayacağı fikrinə də aydınlıq gətirib. “Hamı deyir ki, bələdiyyə seçkilərinə gedən olmayacaq. Amma biz bir ay bundan qabaq keçirdiyimiz tədbirdə bir çox bələdiyyə üzvləri yenidən bələdiyyə üzvləri seçilmək istədiklərini bildirirdilər. Seçkilərə hazırlaşmaq lazımdır. Bu seçkilərin nümunəvi keçirilməsi üçün bələdiyyələr öz işlərini qabartmalıdır, vətəndaşlar qarşısında hesabat verməlidirlər ki, bu aşkarlıq olsun. Aşkarlıq olanda insanlar bələdiyyələrə inanacaqlar və daha yaxşı münasibət göstərəcəklər”.
Aytən ƏLİYEVA