Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 gənclərdən ikisi Həmayil Xəlilova və Ədalət Hüseynov dünən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbulunda olublar. Bununla bağlı Həmayil Xəlilova Modern.az saytına açıqlamasında bildirib ki, qəbulda S. Müslümov yenidən “Xocalı uşaqları”nın problemlərini dinləyib.
H.Xəlilovanın sözlərinə görə, nazir məsələnin diqqətdə saxlanıldığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) kimi digər dövlət qurumlarının da öhdəliklərinin olduğunu vurğulayıb.
“Biz yenə də əsas problemimizin status məsələsi olduğunu bildirdik. Ricasını etdiyimiz də bu problemin həllidir. Öz növbəsində Səlim Müslümov bildirdi ki, bu məsələyə qanunvericililik qaydasında yenidən baxılmalıdır. Mənzil probleminin həllinə gəlincə, nazir qeyd edib ki, şəhidlik statusu “25-lər”ə şamil olunmadığından ev müşkülü də çözülməli, mənzil növbəsinə yenidən baxılmalıdır. Nazir dedi ki, bununla “Dövlətqaçqınkom” məşğul olmalıdır”.
Qeyd edək ki, hələ ötən il keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, millət vəkilləri Qənirə Paşayeva və Elman Məmmədov da Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 gənclə görüş keçirib. Hələ o zaman F.Ələkbərov bütün məcburi köçkünlərin, o cümlədən Xocalı rayonundan olan əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq işlərin görüləcəyinə söz vermişdi.
Daha sonra bu məsələyə yeni nazir S.Müslümov Xocalıdan olan hər iki valideynini itirmiş 25 nəfərin mənzil və işsizlik probleminin həll ediləcəyinə vəd vermişdi.
Pərvin Arzuqızı