Milli Şura üzvləri “El” Hərəkatının sədri Eldar Namazovun qurumla bağlı təkliflərinə münasibət bildiriblər.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı Modern.az-a açıqlamasında Eldar Namazovun təklifini normal qarşıladığını bildirib: “Bu da mümkün variantlardan biridir. Heç də pis variant deyil. Qurumdan artıq bir neçə ziyalı istefa verib. Bilirsiniz ki, Milli Şura əvvəlki kimi deyil. Ola bilər, Eldar Namazovun dedikləri Milli Şuranın fəaliyyətinin davam etdirilməsi üçün bir üsuldur. Hesab etmirəm ki, bu addımla istefa verənləri yenidən Milli Şuraya cəlb etmək mümkün olsun. Hadisələrin bu şəkil aldığı bir vaxtda inanmıram ki, Milli Şura əvvəlki kimi bərpa olunar. Müsavat Partiyası qayıtmayacaq. Onlar bu qurumda birləşən qüvvələrə münasibətlərini ortaya qoyublar. Ola bilər ki, ALP qayıtsın. ALP-ın da qayıtması elə də ciddi dəyişiklik etməyəcək. Bu qurumun ömrünün uzadılması lazım deyil, ömrü uzatmaq xətrinə təklif vermək nəyə lazımdır? Fəaliyyət göstərmək lazımdır. Əsas odur ki, Milli Şura fəaliyyət göstərəcək, ya yox. Milli Şura müxalifətin koordinasiya mərkəzi olacaqsa, qurumun fəaliyyətini davam etdirməyə dəyər”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib ki, bütün təkliflər Milli Şuranın 16 yanvar sessiyasında irəli sürüləcək: “Yeni dönəm başlayır. Təbii ki, hər kəsin təklif vermək hüququ var. Amma son sözü Milli Şuranın sessiyası deyəcək. Eldar Namazovun da bu təklifinə Milli Şuranın sessiyasına hesablanmış təkliflərdən biri kimi baxmaq lazımdır. Sessiyanın gedişindən asılı olaraq, AXCP təklif verə bilər”.
Milli Şuranın üzvü, hüquqşünas Vidadi Mirkamal Eldar Namazovun təklifini anlamadığını qeyd edib: “Eldar Namazov nəyi nəzərdə tutur? Doğrusu, onun təklifini sona qədər anlamamışam. Ona görə də şərh verə bilmərəm. Özündən soruşun, o, nə istəyir? Hansı statuslu təşkilat istəyir? Sessiyada bizim də təkliflərimiz olacaq. İdarəçilik və strukturda dəyişiklik olunmalıdır”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu təklifdən xəbərsiz olduğunu bildirib, ona görə də münasibət bildirmək istəməyib.
Qeyd edək ki, Eldar Namazov Milli Şura ilə bağlı bir neçə təklif irəli sürüb. O bildirib ki, Milli Şuranın üzvlərinin sayını təxminən 50-yə çatdırmaqla partiya üzvlərinin və müstəqil şəxslərin bərabər təmsilçiliyi üçün partiya kvotalarının azaldılması lazımdır: “Əsas brenddən imtina etməməklə təşkilatın adına düzəliş etmək-məsələn, Milli Şura (demokratik qüvvələrin koordinasiya mərkəzi). Çoxlu mübahisəyə səbəb olan daxili Koordinasiya Şurasının yaradılması ideyasından imtina etməkdə olar. Belə ki, Milli Şura özü daha kompakt koordinasiyaedici orqana çevriləcək. Onun işinin təmin olunması üçün sədr aparatı yetərli olacaq. Əgər sərt vertikal iyerarxiya strukturuna malik bir qurumda olmaq bir çox təşkilatlar üçün problemlər yaradırsa, onda bərabər hüquq əsasında koordinasiya orqanında iştirak vaxtilə Milli Şuraya daxil olmayan, həm də son vaxtlar onun tərkibindən çıxan təşkilatlar üçün məqbul ola bilər”.
İlkin