Modern.az

TQDK-da qəbul imtahanları ilə bağlı ciddi hazırlıqlar gedir

TQDK-da qəbul imtahanları ilə bağlı ciddi hazırlıqlar gedir

15 Yanvar 2014, 15:05


“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2014-2015-ci tədris ili üzrə keçiriləcək imtahanlara hazırlıq işləri artıq xeyli müddətdir başlanıb. Bura müxtəlif elmi-metodik işləri və təşkilatı tədbirləri aid etmək olar”.
Bu sözləri Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O, qeyd edib ki, komissiyanın nəzdində oktyabr ayından etibarən fənlər üzrə elmi-metodiki seminarlar keçirilir. “Həmin seminarlarda növbəti tədris ili üçün qəbul imtahanları proqramlarının hazırlanması işi həyata keçirilir, habelə qəbul imtahanlarına dair təhlillər aparılır. Artıq yaxın vaxtlarda növbəti tədris ili üzrə fənlər üzrə qəbul imtahanı proqramlarının dərc olunması nəzərdə tutulur. Dövlət Komissiyası tərəfindən ötən ilki tədris ilində bütün təhsil səviyyələr üzrə keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlili prosesi də artıq yekunlaşmaq üzrədir. Bu ay ərzində həmin materialların “Abituriyent” jurnalının 12-ci sayında dərc olunması nəzərdə tutulur”.

E. Nağızadə qəbul imtahanlarına hazırlıq işində təşkilatı nöqteyi-nəzərdən də işlər həyata keçirildiyini vurğulayıb. “Bu gündən etibarən nəzarətçi-müəllimlər üçün treninqlərə start verilib və fevralın sonunadək treninqlər davam edəcək. Həmin treninqlərdə iştirak edən nəzarətçilər aprel ayında keçiriləcək sınaq imtahanlarında yoxlanacaqlar. Bu prosesdə özlərini praktiki cəhətdən də hazırlıqlı göstərə bilsələr, qəbul imtahanlarına cəlb olunacaqlar".

Mətbuat katibi bildirib ki, TQDK tərəfindən imtahan mərkəzlərinin yoxlanması, onların imtahana hazırlıq səviyyəsi və bu bazanın yenilənməsi, imtahan mərkəzlərinin texniki pasportlarının hazırlanması işi də həyata keçirilir. “Bu il imtahanların müəyyən hissəsi daha əvvəl keçiriləcək. İlk qəbul imtahanları mart ayının əvvəlində magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsidir. Aprel ayında isə sınaq imtahanları nəzərdə tutulub. Əvvəlki illərin məzunlarının qəbul imtahanlarının may ayında keçirilməsi nəzərdə tutulur. Həmin ilin məzunları isə, yəni orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyul ayında verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin həmin ildə orta ixtisas təhsil müəssisələrini bitirib ali təhsil almaq istəyən məzunlar da qəbul imtahanlarını iyul ayında verəcəklər. Həm əvvəlki illərin, həm də orta məktəblərin 2014-cü il məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda – ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək. 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında 9-cu sinfi bitirən şagirdlər bu nəticələrlə onlar kolleclərə qəbul olunacaqlar.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!