“Bir sıra kütləvi informasiya vasitələrində şahmat idman növünün “Bakı 2015” Avropa Oyunlarının proqramına daxil edildiyi haqda məlumat yayılıb. Bakı Avropa Oyunları Təşkilat Komitəsi məlumatı təkzib edir və xəbərin yanlış olduğunu bildirir”.
Bunu Modern.az-a Bakı Avropa Oyunları Təşkilat Komitəsindən bildiriblər.
İlk Avropa Oyunları 2015-ci ilin yayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Avropa Oyunlarında 18 idman növü - su idmanı, oxçuluq, yüngül atletika, badminton, basketbol 3x3, çimərlik futbolu, boks, kanoe sprinti, velosiped idmanı, qılıncoynatma, gimnastika, cudo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon, voleybol, güləş ilə təmsil olunacaq və bunlardan bir çoxunun keçiriləcəyi məkanlarının tikintisi artıq başa çatıb.
“Bakı 2015” ilk Avropa Oyunları olacaq və Avropanın 49 olimpiya ölkəsindən 18 idman növü üzrə 5400 atlet bu oyunlara qatılacaq. Oyunlara rəhbərliyi onu təşkil edən və tənzimləyən Avropa Olimpiya Komitəsi (AOK) edəcək. Bu Oyunların əsası 9 dekabr 2012-ci il tarixində İtaliyanın paytaxtı Roma şəhərində Avropa Olimpiya Komitəsinin Ümumi Yığıncağında Avropanın Milli Olimpiya Komitələrinin (MOK-lar) əksərinin Avropa Oyunlarının yaradılması lehinə səs verməsi nəticəsində qoyulub. Məhz həmin Ümumi Yığıncaqda MOK-lar inaqurasiya Oyunlarının yenə də əksər səs çoxluğu ilə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsinə qərar vermişdir. Daha ətraflı məlumat üçün baxın: www.baku2015.com 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları və dövri yeniliklər üçün son məlumatlarla aşağıdakı ünvanlarda tanış ola bilərsiniz:
Facebook www.facebook.com/baku2015
YouTube www.youtube.com/baku2015
Twitter www.twitter.com/BakuGames2015
Modern.az