2024-cü il buraxılış imtahanlarının nəticələri üzrə xarici dil fənninə maraq və nəticələr arasında ciddi fərqlər müşahidə olunur. İmtahan göstəriciləri, xüsusilə ingilis dili üzrə üstünlük və digər dillərdə zəif nəticələrlə diqqət çəkir.
Modern.az "AzEdu.az"a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin 2024-2025-ci tədris ili üzrə qəbul və buraxılış imtahanlarının nəticələrinə əsaslanan statistik məlumatları “Abituriyent 12” jurnalında dərc olunub. Jurnalda buraxılış imtahanında iştirak edən şagirdlərin xarici dillər üzrə topladıqları nəticələr açıqlanıb.
DİM-in məlumatına əsasən, 2024-cü ildə 11-ci siniflər üzrə buraxılış imtahanında 3295 məktəbin məzunu iştirak edib. Onlardan 9 məktəbin heç bir məzunu xarici dil fənnindən imtahan verməyib. 845 məktəbdə isə bu fəndən imtahan verənlərin sayı 10-dan az olub.
Şagirdlər imtahanlarda xarici dil kimi ingilis, rus, fransız, alman və ərəb dillərindən iştirak ediblər. Məktəblərin böyük əksəriyyətində xarici dil kimi ingilis dili tədris olunur. Belə ki, ümumi məktəblərin 85.01%-də, imtahanda iştirak edən 10 və daha çox məzunu olan məktəblər üzrə isə 87.89%-də ingilis dili öyrədilir. Digər dillər üzrə bu göstəricilər belədir: rus dili – 23.17% (19.07%), fransız dili – 4.20% (3.23%), alman dili – 1.85% (1.27%) və ərəb dili – 0.06%.
İngilis dili üzrə məktəblərin 74.44%-də orta bal 30–70 bal arasında, 23%-də isə 0–30 bal arasında olub. Bu il balı 10-dan aşağı olan məktəb qeydə alınmayıb. Yalnız 2.56% məktəbin (cəmi 55 məktəb) orta balı 70–100 arasında olub ki, onların 36-sı Bakıda yerləşir. Digərləri isə Naxçıvan (3), Sumqayıt (5), Şəki (2), Qubadlı (2), Gəncə (1), Şərur (1), Şəmkir (1), Zaqatala (1), Füzuli (1), Şirvan (1) və Biləsuvar (1) rayonundadır.
Rus dili üzrə nəticələrə gəlincə, məktəblərin yalnız 1.93%-i 70–100 bal aralığında nəticə göstərib. Əksəriyyətin – 71.24%-nin nəticəsi 0–30 bal aralığında olub. Fransız dili üzrə məktəblərin 70.89%-i 0–30, 29.11%-i isə 30–70 bal intervalında nəticə göstərib. Bu fənn üzrə 70 baldan yuxarı nəticə əldə edən məktəb qeydə alınmayıb. Alman dili tədris olunan 31 məktəbdən 18-də isə orta nəticə 30 baldan aşağı olub.
Təhlillər göstərir ki, 9-cu və 11-ci siniflər üzrə ingilis dili imtahan nəticələri arasında yüksək korrelyasiya mövcuddur - bu göstərici 0.8-ə bərabərdir. Bu analizə yalnız imtahanda ən azı 10 məzunun iştirak etdiyi məktəblər daxil edilib.
Ümumilikdə isə, 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticələri 9-cu siniflərlə müqayisədə daha yüksək olub. Mütəxəssislər bunun iki əsas səbəblə bağlı olduğunu bildirirlər: zəif hazırlıqlı şagirdlərin bir qisminin 9-cu sinifdən sonra təhsillərini davam etdirməməsi və qəbul imtahanlarına hazırlıq məqsədilə repetitor xidmətlərindən istifadə olunması.