Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən qəbul imtahanlarının birinci cəhdi başa çatıb və nəticələr açıqlanıb. İmtahanlarda 700 bal toplayan olmayıb.
Bəzi ekspertlər imtahanlarda istifadə edilən sualların çətin olduğunu düşünür, DİM isə iddiaları təkzib edib.
Qeyd edək ki, imtahanlardan sonra nəticələrlə bağlı narazılıq yaranarsa, iştirakçılar üçün apellyasiya hüququ mövcuddur. Bu proses imtahan nəticələrinin yenidən qiymətləndirilməsi və mümkün texniki və ya qiymətləndirmə səhvlərinin aradan qaldırılması məqsədi daşıyır.
Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanındada iştirak edən 1000-dən çox abituriyent nəticələrdən narazıdır.
Onlardan 842 nəfəri III qrup, 207 nəfəri II qrupdan imtahan verib.
Xatırladaq ki, hər iki qrup üzrə apellyasiya prosesi başa çatıb.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 iyun saat 10:00-dan 23 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında (vərəqində) təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.