“Beynəlxalq imtahanlarda belə bir qayda var ki, apellyasiya müraciəti üçün müəyyən məbləğdə depozit qoyulur. Əgər apellyasiya təmin olunarsa, bu məbləğ geri qaytarılır. Amma təmin olunmazsa, həmin məbləğ qalır. Ola bilsin ki, biz də bunu Tarif Şurasına təklif edək. Amma bizdə bunun belə tətbiq ediləcəyini hələ deyə bilmərəm”.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Azərbaycan müəllimi”nə açıqlamasında deyib.
O bildirib ki, bir çox hallarda imtahan nəticələri elan edilməmişdən əvvəl iştirakçılara apellyasiya müraciəti etmək tövsiyə edilir: “Məsələn, imtahan dünən keçirilib, nəticələr hələ açıqlanmayıb. Amma sosial şəbəkələrə baxanda görürsən ki, blogerlər, təhsillə heç bir əlaqəsi olmayan şəxslər namizədlərə apellyasiya başlayan kimi mütləq ərizə yazaraq müraciət etməyi məsləhət verirlər. Axı nəticə hələ elan olunmayıb, nəyi apellyasiyaya verirlər, bilinmir. Hətta bəzi şəxslər “Bizə müraciət edin, ərizəni sizin yerinizə biz yazarıq, yaxşı da baxılar”, – deyirlər”.
M.Abbaszadə qeyd edib ki, apellyasiya müraciəti anonim olmur: “Biz şikayətçinin işinə baxmaq üçün onu yoxlayan markeri də dəvət etməliyik, o, burada əyləşməli, telefonu da yanında olmamalıdır. Apellyasiya elə şəraitdə aparılır ki, heç kim bu prosesə təsir göstərə bilməsin. Bütün bunlar həm vaxt, həm də resurs tələb edir. Amma görürük ki, vərəqi boş saxlayanlar, heç nə yazmayanlar da apellyasiyaya müraciət edirlər”.
M.Abbaszadə vurğulayıb ki, apellyasiya müraciəti edərkən ərizədə yalnız əlaqə üçün yalnız bir telefon nömrəsi göstərilməlidir. Ancaq DİM 85-ə yaxın telefon nömrəsi müəyyən edib ki, onların hər biri 15-20 apellyasiya ərizəsində qeyd edilib: “Həmin nömrələr 10-15 ərizədə təkrar qeyd olunub. Bunu da çox zaman abituriyentlər öz təşəbbüsləri ilə etmirlər. Tədris kursları məzunlarına deyir ki, apellyasiya müraciəti etsələr, nəticələrini yüksəldəcəklər. Amma nəticədə heç nə dəyişmir, müraciətin heç bir faydası olmur. Sonda görürük ki, yüzlərlə abituriyent boş vərəqləri belə apellyasiyaya verir. Bu, bizim vaxtımızı alır. 100 min nəfər imtahan veribsə, onun təxminən 10 min nəfəri ərizə ilə müraciət edir. Onların da yarısının işi boş vərəqlər olur”.