Modern.az

4 ildə tələbə krediti üçün 70 000-dən çox müraciət DAXİL OLUB

4 ildə tələbə krediti üçün 70 000-dən çox müraciət DAXİL OLUB

Təhsil

25 İyul 2025, 17:33

Təhsil Tələbə Krediti Fondu təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək olmaq məqsədilə dövlət başçımız cənab İlham Əliyevin 2021-ci ildə 1367 nömrəli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Fond qısa zaman ərzində on minlərlə gəncin təhsilə çıxışını təmin etməyə nail olub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tələbə Təhsil Krediti Fondundan (TTKF) məlumat verilib.

Qurumdan bildirilib ki, fəaliyyətə başladığı gündən indiyədək 4 tədris ili ərzində TTKF portalına ümumilikdə 70 000-dən çox müraciət daxil olub. Bu müraciətlər əsasında 58 000-ə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

Ötən ilə nəzər salsaq, 2024-2025-ci tədris ilinin payız və yaz semestrləri üzrə 21 000-ə yaxın kredit müqaviləsi rəsmiləşmişdir.

Əlavə edilib ki, hazırda TTKF tərəfindən təqdim olunan təhsil tələbə krediti şərtlərində hər hansı dəyişiklik edilməyib. Tələbələrə təhsil haqqının ödənilməsində kömək məqsədi daşıyan bu kreditlər iki əsas növdə təqdim olunur: sosial və standart növ təhsil tələbə kreditləri.

Eyni zamanda nəzərə çatdırılıb ki, təqdim olunan təhsil tələbə kreditləri yalnız təhsil haqqının ödənilməsini əhatə edir. Hazırda kirayə və digər əlavə xərclərin kredit paketinə daxil edilməsi ilə bağlı hər hansı bir təklif müzakirə edilməyib. Lakin bu istiqamətdə təhlil və araşdırmalar aparılması mümkün sayılır. Gələcəkdə bu məsələ ilə bağlı təhlil və araşdırılmaların aparılması və nəticələrin TTKF-nin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən Himayəçilik Şurasına təqdim olunması nəzərdə tutula bilər.

Məlumatda həmçinin qeyd edilib ki, TTK-ya müraciət hər semestr üzrə aparılır.

Tələbələr hər tədris semestrində TTKF portalı  (e-ttkf.edu.az) vasitəsilə təkrar müraciət etməlidirlər.

Sosial növ təhsil tələbə kreditində hər semestr üçün illik təhsil haqqının yarısı Fond tərəfindən birbaşa təhsil müəssisəsinin bank hesabına köçürülür.

Standart növ təhsil tələbə kreditində isə tələbə illik təhsil haqqının 20 faizini özü ödəməli, qalan hissə isə standart kreditin şərtlərinə uyğun olduğu halda TTKF tərəfindən təhsil müəssisəsinin bank hesabına köçürülür.

Son olaraq bildirilib ki, Təhsil tələbə kreditləri yalnız tələbənin normativ təhsil müddəti ərzində verilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək