Bu gündən etibarən bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi mərhələsi başlayıb.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə bir neçə ixtisas ilk dəfə olaraq tədris olunacaq. Bunlara “Data Analitika”, “Heyvandarlıq”, “Kənd təsərrüfatı texnologiyaları”, “Xüsusi pedoqogika”, “İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi” kimi ixtisaslar daxildir.
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, burada məsələni iki əsas istiqamətdə dəyərləndirmək olar:
“Elə ixtisaslar var ki, onlar doğrudan da bu il ilk dəfə olaraq tədris olunacaq. Məsələn, “Data Analitika” və “Kənd təsərrüfatı texnologiyaları” kimi sahələr indiyədək tədris olunmayıb və bu baxımdan tamamilə yeni ixtisaslardır. Düşünürəm ki, yeni yaranan bu ixtisasllar həm məzmun, həm də məqsəd baxımından təhsil sistemimizə yeni nəfəs gətirəcək.
Amma elə ixtisaslar da var ki, yalnız adları dəyişdirilib, məzmun isə əvvəlki kimi qala bilər.
Məsələn, uzun müddət III ixtisas qrupunda, DT alt qrupunda "Korrekasiyaedici təlim" kimi tanınan ixtisas bu ildən etibarən "Xüsusi pedoqogika" adı ilə təqdim olunacaq. Məncə, bu çox uğurlu və yerində bir ad dəyişikliyidir. Həmçinin "İnformatika müəllimliyi" də artıq "İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi" kimi tanınacaq ki, bu da müsbət addımdır”.
Təhsil eksperti əlavə edib ki, burada vacib bir məqam var:
“Əgər dəyişiklik yalnız ad səviyyəsində qalırsa, yəni məzmun dəyişməyibsə, bu zaman ad dəyişikliyi əslində heç bir əhəmiyyət daşımır. Zənnimcə, bəzi hallarda bu dəyişiklikləri sadəcə “kosmetik xarakterli” ad dəyişimi olaraq səciyyələndirmək olar.
Ümid edirəm ki, adları dəyişdirilmiş ixtisaslar məsələn, “Xüsusi pedoqogika”, “İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi” - həqiqətən yeni məzmun, yeni metodika və güclü kadrlarla tədris olunacaq. Elə məhz bu səbəbdən abituriyentlərə tövsiyə edərdim ki, bu ixtisaslara ciddi yanaşsınlar, maraq göstərsinlər və laqeyd qalmasınlar”.
E.Nurinin sözlərinə görə, istər yenidən adlandırılmış, istərsə də ilk dəfə tədris olunan ixtisaslar xüsusi proqramlarla və praktiki əsaslarla tədris olunmalıdır:
“Elə bu məqamda bir sual meydana çıxır. Sözügedən ixtisasların tədrisi üçün ölkədə kifayət qədər kadr varmı? Məsələn, Data Analitika çox perspektivli və mühüm sahədir. Ancaq etiraf etməliyik ki, bu sahəni keyfiyyətli şəkildə tədris edə biləcək ixtisaslı kadrlar çox azdır. Şəxsi təcrübəmdən də deyə bilərəm ki, bu sahədə uzun müddət çalışmış mütəxəssisləri tapmaq çox çətindir. Ya bu insanlar artıq çox məşğul olurlar, təklifləri çoxdur, ya da ümumiyyətlə tapılmırlar”.
Ekspert həmçinin qeyd edib ki, bəzən bir kurs keçib özünü təlimçi kimi təqdim edən “mütəxəssislər”ə rast gəlirik:
“Əvvəllər sosial media sahəsində belə hallar geniş yayılmışdı – hamı bir kurs keçib "mütəxəssis" adlanırdı, amma sonra məlum olurdu ki, bu şəxslərin əksəriyyəti yalnız səthi məlumatlara malikdir. İndi isə Data Analitika sahəsində bu cür yanlış yanaşmanın təkrarlanmasından ciddi şəkildə çəkinmək lazımdır”.
Onun fikrincə, universitetlər bu sahənin aqibətini düzgün formalaşdırmalıdırlar:
“Əgər bu sahə üzrə yerli kadrlar çatışmırsa, xaricdən ixtisaslı mütəxəssislər dəvət olunmalıdır. Əks halda, bu istiqamət üzrə potensiallı kadrların yetişməsində müəyyən boşluqlar yarana bilər”.
Təhsil eksperti abituriyentlərə müraciət edərək bildirib ki, əgər bu sahəyə maraqları varsa, “Data Analitika”, “Xüsusi pedoqogika”, “İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi” kimi ixtisasları seçimlərinizdə üst sıralarda qeyd etsinlər.
Ekspert onu da əlavə edib ki, adları qeyd edilən bu ixtisaslar üzrə tələbatın və rəqabətin yüksək olacağı ehtimal edilir.