Modern.az

MİQ-də vakant yerlər gizlədilir? - İctimai Şuradan REAKSİYA

MİQ-də vakant yerlər gizlədilir? - İctimai Şuradan REAKSİYA

Təhsil

15 Avqust 2025, 14:07

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri bir neçə gün öncə açıqlanıb. Vakansiyalarla bağlı müzakirələr isə bitib-tükənmir. Ən çox müzakirə olunan məsələlərdən biri də bəzi məktəblərdə vakansiyaların gizlədilməsi ilə bağlıdır. İddialara görə, bəzi direktorlar vakansiyanı gizlədir və MİQ bitən kimi bir hissəsini qohumu-tanışı olan müəllimə ikinci iş yeri kimi, bir hissəsini də "şərik" şəkildə ikinci iş yeri kimi güvəndikləri müəllimlərə verirlər. Bu iddialar müəllimlər arasında narazılığa səbəb olmaqla yanaşı, prosesin ədalətliliyi ilə bağlı da suallar yaradıb.

Digər bir narazılıq isə şəhid ailəsi üzvlərinə tətbiq edilən güzəşt mexanizmi ilə əlaqədardır. Belə ki, müəyyən hallarda yüksək bal toplamış namizədlər güzəştli kateqoriyaya daxil olan şəxslərdən sonra seçimə buraxılırlar. Nəticədə məsələn, 45-50 bal toplayan namizəd elektron yerləşmə ilə Bakıdakı məktəbə düşür, 79-80 bal toplayan namizəd isə kənarda qalır. Bu isə ədalətlilik prinsipinin pozulması kimi qiymətləndirilir və cəmiyyətdə geniş müzakirələrə yol açır.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova vakansiyaların gizlədilməsinə inanmadığını deyib.

O bildirib ki, sadəcə, prosesin texniki tərəfi var - bəzən sistemdə yerlər mərhələli şəkildə açıqlanır:

“Məsələn, bəzi bölgələrdə ehtiyaclar yenidən hesablanır, müəllimlərin əvvəlki illərdəki yerləşdirilməsinə baxılır, hətta məktəblərin şagird sayı dəqiqləşdirilir. Ona görə də bütün vakansiyalar bir anda görünməyə bilər. Amma bu, təkcə bizdə deyil – Finlandiya, Estoniya, Türkiyə kimi ölkələrdə də eyni yanaşma var. Onlar da əvvəlcə real ehtiyacı ölçür, sonra elan edirlər. Əsas məsələ odur ki, nəticə şəffaf olsun və hər kəs görə bilsin ki, kimin hara və hansı bal əsasında yerləşdirildiyi aydındır”.

G.Əkbərova şəhid ailə üzvlərinə güzəşt məsələsinə də öz münasibətini bildirərkən vurğulayıb ki, bu, sadəcə texniki bir qayda deyil, həm də dövlətin minnətdarlıq jestidir.

“Bu insanlar və ailələri bizim üçün ən böyük fədakarlığı ediblər. Dünyanın bir çox yerində – ABŞ, Kanada, Polşa, Cənubi Koreya kimi ölkələrdə – müharibə veteranlarının və onların ailələrinin təhsil və iş imkanlarında üstünlük hüququ var. Bu, onlara "siz bizim üçün əvəzolunmazsınız" deməyin bir formasıdır.

Təbii ki, başa düşürəm, yüksək bal toplayıb yer seçmək istəyən digər müəllimlər üçün bəzən bu, məyusedici ola bilər. Xüsusilə də arada 1 bal, bəzən hətta 0,5 bal fərq olduğu halda yerin başqasına verilməsi emosional narahatlıq yaradır. Məhz buna görə əmsallaşdırma sistemi tətbiq olunur ki, həm sosial dəstək qorunsun, həm də ədalətli rəqabət prinsipi pozulmasın”.

O, eyni zamanda əlavə edib ki, buradakı əsas məsələ aydınlıqdır:

“Əgər bütün qaydalar, güzəştlər, bal hesablamaları və yerləşdirmə mexanizmi əvvəlcədən sadə və izah olunan dildə açıqlansa, nə şübhə qalır, nə də narazılıq. Müəllimlər bilməlidirlər ki, proses necə işləyir, kimlər hansı üstünlüyə malikdir və bu üstünlüklər nəyə əsaslanır. Bu, həm inamı artırar, həm də hər kəsin qəbul edə biləcəyi bir sistem yaradar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu