Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2025/2026-cı tədris ili üzrə qəbul imtahanının nəticələri açıqlanıb.
Universitetdən Modern.az-a bildirilib ki, 350-dən çox abituriyentin qeydiyyatdan keçdiyi, 280 nəfərin iştirak etdiyi daxili imtahanın nəticələrinə əsasən, ayrılan plan yerləri 96 faiz dolub. Builki tədris ilində ayrılan 100 yer üzrə müvafiq olaraq, 25 tələbə informasiya texnologiyaları, 25 tələbə kompüter elmləri (süni intellekt mühəndisliyi), 25 tələbə data analitikası (data elmləri), 21 tələbə isə elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə yeni tədris ilindən etibarən BMU-İNHA İDP-də təhsil alacaq.
Qəbul göstəricilərinə əsasən, İDP tələbəsi adını qazanmış 96 nəfərdən 51 faizini 500 baldan çox nəticə göstərmiş abituriyentlər təşkil edib.
Abituriyentlər arasında ən yüksək balı (659.4) informasiya texnologiyaları ixtisasına qəbul olmuş Üzeyir Bayramlı toplayıb. Digər ixtisaslar üzrə isə Ömər Əliyev (kompüter elmləri (süni intellekt mühəndisliyi)-648,9 bal), Rüfət Hüseynli (data analitikası (data elmləri)-630 bal), Xədicə Həsənli (elektrik və elektronika mühəndisliyi - 602,5 bal) yüksək nəticə göstərib.
Bu göstəricilər vurğulamağa əsas verir ki, BMU-İNHA İDP-yə yüksək bal toplamış tələbələrin cəlb olunması uğurla təmin edilib.
Cari ilin avqust ayının 11-də BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahanlar keçirilib. Daxili imtahanlar riyaziyyat, fizika, ingilis dili fənlərini əhatə edib.
İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunub. Eyni zamanda, onlar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəsmi olaraq avtomatik qeydiyyata alınırlar. Bu səbəbdən, qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar.
BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 22 iyul tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.
3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına bu il üçün 4 ixtisas - kompüter elmləri (süni intellekt mühəndisliyi), data analitikası (data elmləri), informasiya texnologiyaları, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə qəbul aparılır. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim edilir.