Azərbaycanda bır sıra ali təhsil müəssisələrində illik təhsil haqları artırılıb. Qiymət artımı universitetə görə dəyişir, bəzilərində 100-800 arasında, bəzilərində 1500 manat artım var.
Sosial şəbəkələrdə qiymət artımı müzakirələrə səbəb olub.
Modern.az ali təhsil müəssisələrində təhsil haqqı ödənişlərində müşahidə olunan artıma aydınlıq gətirmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq qurumdan bildirilib ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.
Əlavə olaraq qeyd edilib ki, hər il dövlət sifarişinin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur:
"Məlumat üçün bildiririk ki, ötən il Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin (dövlət büdcəsi tərəfindən təhsil müəssisələrinə ödənilən) miqdarı orta hesabla 25 % artırılmışdır".
Nazirlikdən verilən məlumata görə, ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği isə tabeliyində ali təhsil müəssisəsi olan nazirlik, komitə və təşkilatların təklifləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilir.
"Həmçinin diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi həmin tarixdən etibarən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılmışdır", - qurumdan əlavə edilib.