Modern.az

Məktəblərdə bu il də sıxlıq olacaq - bir sinifdə 40-45 nəfər

Məktəblərdə bu il də sıxlıq olacaq - bir sinifdə 40-45 nəfər

Təhsil

27 Avqust 2025, 15:11

Yeni tədris ili yaxınlaşdıqca ölkənin ümumi təhsil müəssisələrində ən çox müzakirə olunan məsələlərdən biri siniflərdə sıxlıq probleminin davam edib-etməyəcəyi ilə bağlıdır. Təəssüf ki, son illərin statistikası göstərir ki, bu problem yalnız davam etmir, hətta daha da dərinləşir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 700 minə yaxın şagird təhsil alıb. Bu rəqəm son onillikdə ardıcıl şəkildə artıb. Lakin məktəblərin sayı eyni templə artmadığından, xüsusən Bakı, Sumqayıt və Abşeron kimi sıx məskunlaşmış ərazilərdə şagirdlərin bir sinifdə sayı 40-45 nəfərə qədər çatır.

Halbuki “Təhsil haqqında” Qanunun 24-cü maddəsində açıq şəkildə göstərilir ki, bir sinifdə şagirdlərin sayı 20–30 nəfər arasında olmalıdır.

Modern.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qanun tələbinin icra olunmaması, əslində, dövlətin qəbul etdiyi normativ-hüquqi aktların kağız üzərində qalmasından başqa bir şey deyil. Onun sözlərinə görə, sıxlığın əsas səbəbləri sadəcə demoqrafik artım və ya böyük şəhərlərə miqrasiya ilə izah edilə bilməz. Bu, təhsil idarəçiliyində planlaşdırma və proqnozlaşdırma mexanizmlərinin olmamasının nəticəsidir.

“Elm və Təhsil Nazirliyi illərdir ki, yeni tikilən yaşayış massivlərinin təhsil infrastrukturuna təsirini nəzərə almır. Məsələn, son 10 ildə Abşeronda əhalinin sayı yüz minlərlə artdığı halda, həmin ərazidə məktəb şəbəkəsi eyni sürətlə genişlənməyib. Bunun nəticəsində valideynlər övladlarını ya həddindən artıq dolu siniflərdə oxutmalı olur, ya da əlavə ödənişlər edərək özəl məktəblərə yönləndirirlər. Bu, sosial ədalətsizlik yaradır".

O eyni zamanda vurğulayıb ki, problemin ən ciddi nəticəsi tədrisin keyfiyyətinə vurulan zərbədir:

“Sinifdə 40-dan çox şagird olduğu halda, müəllimin hər birinə fərdi yanaşması qeyri-mümkündür. Nəticədə, dərslərin keyfiyyəti aşağı düşür, şagirdlər arasında öyrənmə bərabərsizliyi dərinləşir, psixoloji mühit gərginləşir. Bu isə sadəcə bir təhsil məsələsi deyil, ölkənin gələcək insan kapitalının zəifləməsi deməkdir. Dünyanın inkişaf etmiş ölkələrində sinif sıxlığına xüsusi diqqət ayrılır. Məsələn, Finlandiyada ibtidai siniflərdə orta hesabla 20 şagird olur. Estoniyada bu rəqəm 18-22 nəfər arasındadır. Cənubi Koreyada belə sıxlığı azaltmaq üçün dövlət məktəblərinin paralel sinifləri açılır və yeni binalar tikilir. Bizdə isə hələ də ənənəvi “ikili növbəli dərs” sistemi tətbiq olunur ki, bu da keyfiyyətin ən böyük düşmənidir”.

K.Əsədov qeyd edib ki, məsələ yalnız tənqidlə bitmir, həll yolları da bəllidir:

“İlk növbədə məktəb tikintisinə ayrılan vəsaitlərin səmərəli istifadəsi təmin olunmalıdır. Hər il dövlət büdcəsindən milyonlarla manat ayrılır, lakin bu vəsaitlərin prioritet istiqamətlərə yönəldilməməsi səbəbindən problem qalmaqdadır. Eyni zamanda, şagird bölgüsü mexanizmi dəyişdirilməlidir. Bir çox valideynlər “yaxşı məktəb” adı ilə müəyyən məktəblərə üz tutur, nəticədə həmin məktəblərdə sıxlıq yaranır, qonşu ərazilərdəki məktəblər isə boş qalır. Bu problemin həlli üçün elektron qeydiyyat və şagirdlərin yaxınlıq prinsipi əsasında bölgüsü tətbiq olunmalıdır”.

Təhsil eksperti niqtində həmçinin məsələsinin müsbət məqamlarına da toxunub:

“Azərbaycanda son illərdə məktəb tikintisinə müəyyən diqqət artırılıb. Yeni binalar istifadəyə verilir, bəzi yerlərdə müasir təhsil infrastrukturu yaradılır. Lakin bu proses lokal xarakter daşıyır, sistemli deyil. Nazirliyin uzunmüddətli planı yoxdur, proqnozları açıqlanmır. Əgər 5-10 il sonrası üçün real təhsil xəritəsi hazırlanmasa, hər il eyni problemlə üz-üzə qalacağıq. Bu günün həlli yalnız sabahın böhranını ertələməkdir”.

Son olaraq ekspert onu da əlavə edib ki, yeni tədris ilində də sıxlıq problemi davam edəcək:

“Çünki bu, sadəcə texniki məsələ deyil, idarəetmədə boşluq və məsuliyyətsizlikdir. Təhsil haqqında qanunlar qəbul edilir, strateji sənədlər yazılır, amma icra olunmur. Nazirlik real maarifləndirmə işi aparmır, valideynlərə, müəllimlərə və ictimaiyyətə açıq proqnozlar təqdim etmir. Əgər biz bu problemi dünya təcrübəsinə uyğun həll etməsək, hər il eyni sualı verəcəyik: məktəblər bu dəfə də sıx olacaqmı? Cavab isə dəyişməyəcək – bəli, olacaq”,- deyə K.Əsədov fikrini yekunlaşdırıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı