Ötən həftədən etibarən universitetlərə qəbul olan tələbələrin qeydiyyatı başlayıb. Mövcud qaydalara əsasən qeydiyyat yalnız Elm və Təhsil Nazirliyinin portal.edu.az platformasında elektron formada aparılmalıdır.
Lakin bəzi ali təhsil müəssisələrində elektron qeydiyyatla yanaşı, paralel olaraq əyani qaydada kağız sənədlərdə tələb olunur.
Modern.az kağız sənəd tələbinin nə qədər qanuni olduğunu öyrənmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, tələbələrin ali təhsil müəssisələrinə qəbuldan sonrakı qeydiyyat prosesi Nazirlik tərəfindən portal.edu.az elektron platforması üzərindən təşkil olunur.
"Bütün tələbələr ilkin mərhələdə mütləq şəkildə həmin platforma vasitəsilə qeydiyyatdan keçməlidirlər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, ali təhsil müəssisələri ixtisasların xüsusiyyətlərindən və ya istiqamətindən asılı olaraq əlavə sənədlərin təqdim olunmasını tələb edə bilərlər", - açıqlamada qeyd olunur.