Modern.az

“Erməni soyqırımı” iddialarını ifşa edən kitabın təqdimatı keçirilib

“Erməni soyqırımı” iddialarını ifşa edən kitabın təqdimatı keçirilib

23 Oktyabr 2014, 17:04


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM)  ermənilərin əsassız soyqırımı iddialarının ifşa olunması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə  hazırlanan “Erməni problemi” adlı kitabın təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, kitab 4 dildə - ingilis, rus, alman, fransız dillərində nəşr olunub. Kitabda ermənilərin Azərbaycana qarşı törətdikləri hadisələr xarici mənbələrə istinadən araşdırılıb, təhlil edilib.

Tədbirdə çıxış edən “Azərnəşr”in direktoru Azər Mustafazadə kitabın əhəmiyyətindən danışıb, bu barədə iştirakçılara geniş məlumat verib.

 Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın fikrincə, belə kitabların dünya ictimaiyyətinə təqdim olunması üçün Azərbaycandakı bütün qurumlar maraqlı olmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat  İsa Həbibbəyli 120 sənəd əsasında hazırlanan kitabın ilk dəfə ictimaiyyətə təqdim edildiyini bildirib: “Bizim ermənilərin yalanları ifşa etmə fəaliyyətimiz müstəqillik illərindən sonra daha da genişlənib. Akademiyanın daxilində “Azərbaycana qarşı soyqırımı” komissiyası yaradılıb. Məqsəd ermənilərin yalanlarını, məkrli siyasətlərini ifşa etməkdən ibarətdir. Bu kitabdakı faktlar beynəlxalq hüquq və reallıqlar baxımından təqdim edilir”.

Deputat Elmira Axundova isə ermənilərin öz siyasətlərini dünyaya təqdim etmə baxımından düzgün taktika qura bilmələrindən danışıb: “Erməni təşkilatları  soyqırımı məsələsi ətrafında siyasətlərini çox yaxşı qurublar. Onlar bilirlər ki, iddia etdikləri faktlar yanlışdır, səs salmadan gizlin iş görürlər. Düzdür, demirəm biz iş görmürük, amma onlar öz siyasətlərini tam açıq həyata keçirmirlər. Qapalı və yavaş-yavaş dünyaya təqdim edirlər”.

Onun deputat həmkarı Sahibə Qafarovanın fikrincə, bu kitab Azərbaycanın xarici siyasətindəki uğurlu addımlardan biri olacaq.

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Öncü Keçəli isə illərdir türk xalqının ermənilərin uydurduqları hekayələrə inandıqlarını deyərək, artıq  ermənilərin məkrli siyasətlərinin üstünün açılmasının vacib olduğunu qeyd edib.


Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI