Modern.az

50 yaşlı ekran nağılı

50 yaşlı ekran nağılı

Təhsil

13 Noyabr 2014, 17:53

Aydın Dadaşov,
professor


8 yanvar 1964-cü ildə «Azərbaycanfilm» kinostudiyasının Bədii Şurasının müzakirəsində,  Əlisəttar Atakişiyevin quruluşunda, uşaq auditoriyası üçün nəzərdə tutulan «Sehirli xalat» (ssenari müəllifləri A.Tarasov, Ə.Atakişiyev, 1964) filminin ədəbi ssenarisi barədə:  «İlk növbədə ssenarinin mənasını müəyyən etmək gərəkdir. Burada məna əlbəttə ki var, ancaq çox xırda olduğundan üzə çıxmayıb» deyən Tofiq Tağızadə xalq nağıllarına üstünlük verməyi məsləhət görür. Təqdim olunan ssenaridə isə diktor mətninin lüzumsuzluğunu bildirərək, pionerlərin  filmdə iştirakını da vacib saymır. «Bütövlükdə ssenari uydurmadır. İnsani xarakterlər yoxdur. Bütün hadisələr təsadüflər üzərində qurulur. Belə bir vəziyyətdə heç olmasa tutarlı bir ideya olsaydı dərdyarıydı. A. Tarasov Azərbaycanın keçmişində heç bir işıqlı tərəf görmür. Axı onlarca xan olsa da xalq milyolarla idi. Mənfi tərəflərlə yanaşı müsbətləri də göstərmək lazım idi» deyən Rəsul Rza isə müəllifi milli etnoqrafiyaya da nabələdlikdə təqsirləndirməklə: «Gələcək isə son dərəcə bəsitdir. Müəllif gələcəyi müasir adamın adi mövqeyindən görür» (АРДЯИА.  фонд 330 сийащы 5. сахлама ващиди 512) fikirləriylə təqdim olunan əsərin zəifliyini sübuta yetirir.

25 may 1964-cü il tarixli Bədii şurada filmin aktyor sınaqları, dekorlar və geyimlər müzakirə olunarkən o cümlədən kinostu­diya­nın direktoru Məhərrəm Haşımovun naturalizmə meyillənməkdə günahlan­dırdığı  Əlisəttar Atakişiyevin: «Mən müasir teatr tamaşa­la­rının şərtlərinə bələdəm. Ancaq mən şərti tərtibatla uğur qazanan heç bir film görməmişəm. Kino dekorların şərtiliyinə dözmür. Biz fil­mi realist yozumda görmək istəyirik. Mənə «Bağdad oğrusu filmi­nin əşyalar aləmi yaxındır» cavabları peşəkarlığına inamı olan sə­nətkarın tutarlı mülahizələrinə çevrilir. Beləliklə filmdə sirkin yara­dıcı heyətinin atributlarını və vəhşi heyvanları aparan avto­ma­şın karvanının Bakının küçələrindən keçməsi ilkin şərtiliyə üsyan kimi səslənir.

Avtomaşın karvanının gəlib çıxdığı pionerlər sarayındakı uşaqların meydançanı müxtəlif oyuncaqlarla bəzəmələri gözlənilən  bayram təntənəsindən xəbər verir. Buraya gələn xalq aristi Möhsün Ağayevin (Möhsün Sənani) özü ilə gətirərək təqdim etdiyi moskvalı sirk ustası İo Kionun (Anatoli Falkoviç) müxtəlif dərnəklərin məşq etdiyi, vaxtilə hökmdarların, xanların məskəni olmuş sarayla tanışlığı və uşaqlara sehirli xalatın təqdimatı şərtiliyi davam etdirir. Yaşıl üzündə gümüş, qırmızı üzündə qızıl balıqların təsviri olan bu xalatın bir üzünü geyinərək: «Ayrovana, ayrovana çandrika, çitrakuta, çitrakuta işvara» deməklə keçmişə, digər üzü ilə: «amoravati, amoravati çandrika kintamani, kintamani işvara» söyləməklə  gələcəyə getmək imkanı şərtiliyi nağıl istiqamətinə yönəldir.

Xalatın sehirli olduğuna şübhələnən, İo Kio baba ilə mübahisəsi dramaturji maneəni canlandıran Rəşidin (Azər Qurbanov) sehirli sözləri deməklə keçmişə, xan sarayına düşməsi möcüzəni təsdiqləyir. Münəccimin ulduzların təhlükədən xəbər verməsini söyləməsi ilə, əyyanların məsləhəti ilə xanın (Əliağa Ağayev) saraya yaxınlaşan hər kəsin boynunun vurulmasını əmr etməsi ziddiyyət yaradır. Saray bağçasının yanından keçən qocanı və nəvələrini cəllad baltasından xilas edən Rəşidin: «Sənin nə ixtiyarın var! Sən elə bilirsən zülmünün qabağını alan tapılmaz? Donuzun biri donuz» cümlələri ilə xanı ittiham etməsi ziddiyyəti qızışdırır. Rəşidi cinlər padişahı zənn edən xanın və əyyanlarının gah qorxudan qaçıb gizlənmələri, gah iltifat göstərmələri, gah da ki,  onun boynunu vurmaq istəmələri komizmi artırır. Xanın adamlarının atlanaraq qovduqları Rəşidi kəməndə salıb yenidən saraya gətirərək ac pələnglərlə qorxutmaqla xalatın sirrini öyrənməyə çalışmaları bu əşyanı diqqət mərkəzində saxlamaqla,  pionerin ayaqlarına düşüb yalvaran cəllad da komik personaja çevrilir.


Xalatın yandırılacağından ehtiyat edərək aldadıb, özü ilə müasir dövrə gətirdiyi xanı Rəşidin pioner dostlarının təlxək, hoqqabaz zənn etmələri, onun dondurma yeməsinə, çəkiliş kamerasından qorxmasına, hay salıb vəzir- vəkilini çağırmasına, sarayını geri tələb etməsinə, oyuncaqları qırıb atmasına, çağrılan Milis işçisini (Tələt Rəhmanov) fərraş zənn etməsinə gülmələri tamaşalılığı artırır. Sirrini bildiyi qapıdan çıxaraq imkan tapıb partlatmaq istədiyi sarayın zirzəmisində Xanın əl-qolunu bağladığı Petyanın (N. Loginov) yanan şamı söndürərək qaranlıqda gizlənə bilməsi və açarı taparaq qaçması xeyir-şər qarşıdurmasını gücləndirməklə uşaq auditoriyasının nəbzi tutulur. Xalatın hesabına gələcəyə getməyə hazırlaşan Rəşidə uşaqların öz-özünə balıq tutan qarmaq, əlinə almaqla mətni əzbərlənən dərslik, konfetlər, radioqəbuledici, süni hava yaradan maşın gətirməyi sifariş etdikləri məqamda Xanın partlayıcı qurğunu yenidən işə salmaq niyyəti gərginliyi artırır. Partlayıcının tüstülənən naqilini son məqamda söndürən Petyanın xilaskara çevrilməsi «böyük qardaş» amilinə ötəri də olsa işarə vurmaqla sosrealizmin tələbi yerinə yetirilir. Naqillərə elektrik enerjisi ötürərək, döşəməyə oyuncaq partlayıcılar qoymaqla gülüş hədəfinə çevrilən, Rəşidin belinə mindiyi Xan zirzəmidəki gizli yollarla aradan çıxdıqda, rastlaşdığı avtomaşını, pambıq tarlasına dərman səpən təyyarəni şeytan əməli zənn etməsi tamaşalılığı davam etdirir.

İo Kio babanın Xanın ələ keçirərək ağır çəkisi ilə sehrini məhv etdiyi xalatın qüvvəsini  yenidən bərpa etməsi  maneəni aradan qaldırır. Və gələcəyə səyahət edən Rəşidlə Zərifənin (Solmaz Hətəmova) düşdükləri yeni məkan özünün fantosmaqorik zənginliyi ilə seçilir. Sovet ordusu döyüşçüsünün vətən müharibəsi dövründəki hərbi geyiminin, silahı, pionerlərin düzəltdikləri planer modellərinin, çadralı qadının fiqurunun, iyirminci əsr məktəblilərinin paltarlarının nümayiş ounduğu salonda Rəşidin vaxtilə hazırladığı təyyarə maketi ilə üzləşməsi informasiya gerçəkliyini artırır. Gələcəyin pionerlərinin manikenə çevrilmiş Xanın şüşə arxasındakı fiqurunu təqdim etmələri, təsviri həmən göstərən videokameranın, üzərinə əl çəkməklə yazıları görünən dərsliklərin, elektron imtahançının təqdimatı, Marsa ekskursiya, çəkisizlik şəraitində Rəşidlə Zərifənin havada üzmələri, Veneraya üz tutan raketdəki uşaqlarla ünsiyyət, skafandrlı uşaqların ay səthində kəpənək kimi uçmaları, 1959-cu ilin sentyabrında buraya atılmış sovet vımpelinin tapılaraq əldən-ələ gəzməsi mühiti dolğunlaşdırır. Eynulla müəllimin (Lütfi Məmmədbəyli) muzeydən xalat oğurluğunda günahlandırdığı Rəşidin Zərifəsiz yenidən real dünyaya qayıtması dramaturji düyünün açılışını yaradır. Peyda olmaqla qrimini, paltarını çıxaran Xanın Möhsün Ağayev olduğu bilinməsi, Zərifənin üzə çıxması oyunun şərtiliyini açıb göstərir. Raketlərin kosmik fəzada göstərilməsi, İo Kionun «İndi bildim vətənimizi dünyada hər şeydən artıq sevirsiniz, belə gözəl uşaqların yaşadığı öllkə misilsizdir!»  cümlələri filmin ideyasını yalnız sözdə bəyan etsə də, davam edən bayram təntənəsi finalı karnaval estetikasında səciyyələndirir.

13 noyabr 1965-ci ildə çıxan «Baku» qəzetindəki «Nağıl qələbə çalır» məqaləsində: «Təəssüf ki, nağılı nağıllığında saxlamağa,  sehirli xalatın varlığına inanmağa, keçmişə qayıtmağa və gələcəyə nəzər salmağa Əlisəttar Atakişiyevin cəsarəti çatmadı» yazamaqla filmin illüziyanı dağıdan səyahət üsulunu nümayiş etdirən finalı ilə razılaşmayan Ruslan Tağıyevin: «Uşaqlar isə möcüzəli ümidlərin qırılmasını sevmirlər. Əgər onlar buna inandılarsa - bu bacarıqla həyata keçirildi. Onda fantaziyanı butaforiyaya keçirməyə heç ehtiyac yox idi» (Тагиев Р. Сказка побеждает. г. Баку 13-11- 1965) qənaəti də düşünməyə imkan verir ki, bəlkə doğrudan da nağılı nağıllığında saxlamaq gərək idi? Bu sualın cavabını ötən əsrin altmışıncı illərində artıq kommunizm xülyası ilə bağlı möcüzəli ümidlərin qırılmasında, keçmişin üzərindən xətt çəkən sovet ideologiyasının laxlamasında axtarmaq gərəkdir... Kinomuzun korifeylərindən Əlisəttar Atakişiyedin peşəkar üslubunun həyatadavamlılığı, yarım əsr sonra belə bu ekran əsərinin təravətini itirməməsi ilə təsdiqlənir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI