Modern.az

Məscidlərə polis mühafizə xidməti ayrıla bilər - QMİ-nin sədr müavini dindarları ayıq-sayıq olmağa çağırdı

Məscidlərə polis mühafizə xidməti ayrıla bilər - QMİ-nin sədr müavini dindarları ayıq-sayıq olmağa çağırdı

28 Noyabr 2014, 15:40

Məlum olduğu kimi , noyabrın 25-dən 26-a keçən gecə şəxsiyyəti bəlli olmayan iki nəfər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab ataraq hadisə yerindən uzaqlaşıblar.  Nəticədə məsciddə yanğın baş verib. Məsciddəki şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb. Maraqlıdır hadisədən sonra insanların kütləvi şəkildə toplaşdığı ibadətgahlarda hər hansı mühafizə tədbirlərikeçirilə bilərmi?

Məsələylə bağlı Modern.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı bildirib ki, hazırda bu istiqamətdə araşdırma gedir:

“Hazırda Qaraçuxur məscidində baş verən hadisə ilə bağlı müxtəlif versiyalar var, araşdırmalar davam edir. Araşdırmalar yekunlaşdıqdan sonra bilinəcək ki, məscid yandırılıb, yoxsa yanıb”.

İdarə rəsmisi qeyd edib ki, hazırda demək olar bütün məscidlərdə müşahidə kameraları var: “Məscidlərdə kameralar var, əgər hansısa məsciddə yoxdursa, onlarda da quraşdırılacaq”.

Qəmər Cavadlı məscidlərdə mühafizə xidmətinin təşkil olunmasını da istisna etməyib: “Zərurət yaranarsa və məscidlər yerli polis idarələrinə müraciət edərlərsə, mühafizə xidməti ayrıla bilər”.

Hacı Qəmər dindarları daha da ayıq-sayıq olmağa çağırıb: “Məsciddə belə bir hadisə baş veribsə, dindarlar bundan sonra daha çox diqqətli və məsuliyyətli olmalıdırlar. Məscid kütləvi toplantı, ibadət yeridir. Xüsusilə Məhərrəm ayında insanların daha çox olduğu bir dövrdə daha da diqqətli olmaq vacibdir”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI