Xəbər verdiyimiz kimi, bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni sədr təyin olunub. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Bahar Muradova təyinat alıb.
Modern.az-ın məlumatına görə, Bahar Muradova 1962-ci il martın 20-də Füzulidə anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir.
1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.
1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.
Mingəçevir şəhərinin qurucularından olan Şahvələd Quliyevin gəlinidir.
1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.
Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edib.
Ailəlidir, bir qızı var.