Modern.az

Yüksəklikdə dalğalanan qürur bayrağımız

Yüksəklikdə dalğalanan qürur bayrağımız

20 İyul 2020, 19:35

Bayraq mənliyimidir, bayraq kimliyim,

Bayraq öz yurduma öz hakimliyim.

 

B.Vahabzadə

 

Yazımı bayraqla başlamağım heç də təsadüfi deyildir. Neçə gündür, həm doğma paytaxtımızda, həm məmləkətimizin bütün yerlərində, həm də dünyanın əksər şəhərlərində üç rəngli, ay ulduzlu Milli bayrağımız qürurla dalğalanır, Azərbaycanın haqq səsini dünyaya çatdırır....

 

Bəli, iyul ayının 12-də azğınlaşmış, mənfur, nankor, naxələf qonşularımızın silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhəddində növbəti təxribat yaradaraq mövqelərimizi iri çaplı pulemyotlardan, mina atanlardan, artilleriyadan müntəzəm atəşə tutaraq 1 general, bir neçə zabit və əsgəri şəhid etdilər. Hər zamankı kimi mülki evləri də özlərinə hədəf seçən ermənilər mülki şəxsə də qıydılar. Öz havadarlarına güvənən ermənilərin Azərbaycanı daha böyük müharibəyə sövq etmə planları mübariz, cəsur Azərbaycan Ordusu tərəfindən dəf edildi. Onlara güclü zərbə vurularaq neçə-neçə hərbi obyekti, texnikası, canlı qüvvəsi məhv edildi. Təxribata özləri başlayan ermənilər, Azərbaycan ordusunun bu zərbəsini görərək, əvvəllərdə olduğu kimi bu dəfə də Rusiyaya, nəhəng dünya dövlətlərinə yalvararaq ordumuzun hücumlarının qarşısını almağı xahiş etdilər.

 

Sırf erməni xisləti. Əslində, Rusiyanı və nəhəng dünya dövlətlərini bu müharibəyə sövq eləmək idi onların planları. Belə olmasaydı Dağlıq Qarabağ münaqişəsi zonasından çox-çox aralı olan bir bölgədə Tovuz rayonunda bu təxribata əl atmazdılar. Onların məkrləri bu dəfə də puç oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti, uzaqgörənliyi, vəziyyəti düzgün dəyərləndirməsi və hücum diplomatiyası sanki ermənilərin ürəyinə bir xəncər vurmuş kimi oldu.

 

Eyni zamanda həm döyüşlərdə, həm də diplomatik cəbhədə ermənilərə böyük zərbələr vuruldu, uğurlar qazanıldı. Dünya dövlətlərinin diqqətini bir daha Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə yönəltdi, Ermənistanın iç üzünü ifşa etdi. Hətta, havadarları belə Ermənistana açıq şəkildə dəstək nümayiş etdirmədilər. Lakin, Türkiyə, Pakistan, Ukrayna və digər ölkələr Azərbaycana hər cür dəstək göstərəcəklərini, onun yanında olacaqlarını bildirdilər. Bu xüsusda, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın, Türkiyə  Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, Müdafiə naziri Hulusi Akarın bəyanatları diqqət çəkməklə, “Bir millət-iki dövlət” anlamını bir daha sözdə yox, əməldə olduğunu dünyaya çatdırdı. 

 

Döyüşlərdə vətən oğullarımız mərdlik, şücaət, qəhrəmanlıq göstərərək, düşmənə ağır zərbələr vuraraq, müqəddəs torpaqlarımızı yağılardan şərəflə qoruyurlar.

 

Məni bir vətəndaş, bir azərbaycanlı kimi sevindirən həm də odur ki, belə bir durumda bütün xalqımız ali baş komandana-Respublika Prezidentinə, ordumuza dəstək nümayiş etdirir. Respublikanın hər yerində artan dəstək nümayişləri, dalğalanan bayraqlar məni hədsiz sevindirir. Gənclərdə yüksələn hərbi vətənpərvərlik hissi hamıda böyük ruh yüksəkliyi yaradıb. Bu yürüşlər dünya birliyinə Azərbaycan xalqının öz torpaqlarından əl çəkmədiyinin, bir qarış torpağını düşmənə verməyəcəyinin, torpaqların müharibə yolu ilə alacaqlarının göstəricisi idi. Heç bir qüvvə xalqımızın vətən, torpaq sevgisini, möhkəm iradəsini əlindən almağa qadir deyildir. 

 

Vətəndaşlarımız respublikada diaspor təşkilatlarının dəstəyi ilə soydaşlarımızın xarici ölkələrdə düzənlədiyi dəstək yürüş və mitinqlərindən ruhlanaraq sadə vətəndaş, jurnalist kimi mən də bu aksiyalara qoşulur, Respublika Prezidentini əmin edirəm ki, biz jurnalistlər, qələm sahibləri, media mənsubları da Ali Baş Komandanın ətrafında sıx birləşərək, Prezident-Xalq, Dövlət-Xalq, Ordu-Xalq birliyinin daha da möhkəmlənməsinə öz əməli töhfəsini verəcəkdir.

 

Cənab Prezident-Ali Baş Komandan, biz hamımız sizinləyik, buna tam arxayın ola bilərsiniz. Biz Sizi tam olaraq dəstəkləyirik. Allah xalqımızı, dövlətimizi, millətimizi, ordumuzu qorusun.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza tezliklə şəfa versin.

 

İnanıram ki, cənab Prezidentimizin müdrik siyasəti ilə tezliklə işğalda olan torpaqlarımız cəsur, məğlubedilməz ordumuz tərəfindən zəfərlər qazanılaraq azad ediləcəkdir.

 

Azərbaycan öz suverenliyini respublikamızın həmin ərazilərində tam olaraq bərqərar edəcək, qürur rəmzimiz olan Azərbaycan bayrağı əbədi olaraq yüksəklikdə dalğalanacaqdır. 

 

Xalq şairi Süleyman Rüstəmin təbirincə desək: 

 

Gün o gün olsun ki, qurtarsın dava,

Dağılsın buludlar, açılsın hava.

Alınsın düşməndən intiqam, qisas,

Torpaq nəfəs alıb dincəlsin bir az.

Silinsin könüldən, ürəkdən ağrı

Bir də tapdanmasın vətənin bağrı.

Yaxası ordenli igid yar gəlsin,

Xəbəri gəlməyən oğullar gəlsin!

…Gün o gün olacaq, o gün gələcək,

Bəşər dincələcək, həyat güləcək.

 

Qafar Əsgərzadə

Əməkdar jurnalist, 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?