Modern.az

Çingiz Mustafayevin anadan olmasının 60-cı ildönümüdür

Çingiz Mustafayevin anadan olmasının 60-cı ildönümüdür

29 Avqust 2020, 00:22

Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.

Modern.az xəbər verir ki, şəhid telejurnalistin anadan olmasından 60 il ötür.

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Axtyubinsk rayonunun Kapustin-Yar qəsəbəsində hərbçi ailəsində anadan olub.

O, 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra təyinatla üç il Dəvəçidə həkim işləyib. Elə həmin il dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını səsləndirib. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başalyandan sonra Çingiz jurnalistikaya üz tutub.


O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayılırdı.


Ç. Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Onun məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Fuad adlı bir övladı yadigar qalıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?