“Hər bir insan ürəyin və tənəffüsün qəfləti dayanması zamanı ilk yardım göstərməyə hazır olmalıdır. Çünki bu məqamda insanın həyatı ona yardım göstərilən ilk dəqiqələrdən asılıdır”. Bunu Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahiyyə kafedrasının assistenti Elnur Qasımov deyir.
Onun sözlərinə görə, bədbəxt hadisələr zamanı zərər çəkən və xəsarət alan insanlara ilkin tibbi yardım göstərilməsi bacarıqları Azərbaycan Tibb Universitetində ayrıca tədris olunub. Bu zaman 1-ci kurs tələbələrinə ilkin yardım üçün xüsusi bacarıqlar öyrədilir.
“Bunu yalnız tibb işçiləri yox, hər bir insan bilməlidir. Hər bir vətəndaş yanındakı insanın halının pisləşməsi zamanı, xəsarət aldığı zaman ona ilk yardım edə bilməlidir”.
Həkim bildirir ki, ilkin yardım bacarıqlarından ən önəmlisi ürəyin qapalı masajı və süni tənəffüs masajıdır. Çünki tənəffüs yollarının tutulması (obstruksiyası) beynin oksigenlə təchizatını pozduğuna görə daha tez ölümlə nəticələnir, nəinki hər hansı bir qanaxma. Bədbəxt hadisələr və qəfləti xəstəliklər müxtəlif yerlərdə və şəraitdə baş verə bilər. Həyat üçün ən təhlükəli hal və ölümü yaradan səbəb ürəyin və ya tənəffüsün qəfləti dayanmasıdır.
“Beynəlxalq terminologiyada ürəyin qapalı masajı CPR (Cardiopulmonary Resuscitation – ürək-ağciyər reanimasiyası) adlandırılır. Reanimasiya – yenidən həyata qaytarma, diriltmə, canlandırma deməkdir. Ürəyin qəfləti dayanmasının ilk 4–6 dəqiqəsində (klinik ölüm vaxtı) aparılan CPR zərərçəkənin həyat fəaliyyətini bir müddət təmin edir və bəzi hallarda qəflətən öləni yenidən həyata qaytarır, sözün əsl mənasında dirildir.
Ürəyin və ya tənəffüsün qəfləti dayanması qəfləti ölümlə nəticələnir. Qəfləti ölüm zamanı huş itir (qıcıqlara cavab olmur), tənəffüs dayanır, böyüklərdə və uşaqlarda yuxu və bud, körpələrdə isə bazu arteriyasında nəbz təyin edilmir.
Ürəyin qəfləti dayanmasının ilk 4–6 dəqiqəsində geri dönməsi mümkün olan klinik ölüm, bu vaxt ərzində ilk yardımın göstərilməsi gecikərsə, geri dönməsi mümkün olmayan bioloji ölüm baş verir.
QAPALI ÜRƏK MASAJININ QAYDALARI
E.Qasımovun sözlərinə görə, zərərçəkənə ürəyin və tənəffüsün qəfləti dayanmasının (klinik ölümün) ilk dəqiqələrində hadisə yerində ilk yardımı ancaq bədbəxt hadisənin bilavasitə şahidi göstərə bilər. Həmin şəxs zərərçəkənin nəfəsini və ürək döyüntüsünü yoxlayır. Bunların heç biri yoxdursa, onda ürəyin qapalı masajı, etmək lazımdır:
“Çox adam bu masaj haqqında məlumatlıdır. Amma bu işi düzgün görmək vacibdir. Süni nəfəsin verilməsi ilə bağlı xüsusi tibbi protokol var. Amerikanlar tərəfindən bu masaj üçün 60-cı illərdə bir ardıcıllıq protokolu ABC adlanırdı. Bu da ingilis sözlərini baş hərfləri idi. A – Airway - nəfəs yollarını açmaq, B- breathing – nəfəs vermək, Compression – ürək fəaliyyətini əmin etmək. Yəni, əvvəl süni tənəffüs, sonra ürək. Amma son illər bu protokolda dəyişiklik baş verib. Çünki belə bir araşdırma aparıldı ki, əvvəlcə ürək masajı daha yaxşıdır, sonra tənəffüs. Araşdırmalara görə, ürək masajı aparılan insanların arasında sağ qalanların faizi daha çox oldu. Bu da davamlı olaraq yoxlanıldı və protokolda dəyişiklik oldu”.
E.Qasımov bildirir ki, ATU tələbələrinə ilkin tibbi yardım halında birinci mütləq şəkildə ürək masajından köməyə başlamaq tövsiyə olunur.
“Xəstə üçün yer tapılır, uzadılır. Əsas odur ki, xəstə düz yerdə uzadılsın. Adətən protokolda deyilir ki, masaj üçün xəstənin paltarının yaxası açılmalıdır, döş qəfəsinin konturları görülməlidir. Amma çox zaman belə hallarda paltar çıxarmağa vaxt olmur. Elə paltar üzərindən qarının üst nahiyəsi əlnən yoxlanılır. Biz əlimizlə qarının yumşaq hissəsindən gəlib bərk sümüyə dirənəndə, bu o deməkdir ki, döş sümüyünün aşağı qütbünə - xəncərəbənzər sümüyə toxunduq. Ürəyin proyeksiyası bizə lazımdır ki, ürəyi sıxaq. Ürək xəncərəbənzər sümükdən sonra yerləşir. iki barmağımızı qoyuruq bu sümüyün üzərinə. ondan sonra əlimizi qoyuruq bu da o deməkdir ki təxmini ürəyin üstünə düşmüşük. iki əllər qıfıllanmış vəziyyətdə başlayırıq ürəyi sıxmağa. Burda vacib olan məqam odur ki, ürək sıxılsın. Ona görə 3-4 sm-ə qədər sıxmaq lazımdır. Vacib odur ki ürək sıxılsın, qan beynə getsin”.
SÜNİ TƏNƏFFÜS VERMƏYİN QAYDALARI
Həkimin sözlərinə görə, bu masajı 20 saniyə ərzində 30 dəfə etmək lazımdır. Yalnız bundan sonra xəstəyə süni tənəffüs vermək lazımdır. Bu zaman burunu sıxmaq lazımdır ki, ağızdan verilən nəfəs burundan çıxmasın: “Dodaq ağız boşluğunun ətrafını tam qapamalıdır. Bu qayda ilə nəfəs verəndə nəfəs yolları havalana bilir. 5 saniyə ərzində İki dəfə nəfəs verildikdən sonra, yenidən ürək masajına keçmək lazımdır - 30 sıxma və 2 nəfəs... Ardıcıllığı gözləmək və işi düzgün icra etmək lazımdır. Masaj edərkən sıxmanın dərinliyini də nəzərə almaq lazımdır. Bəzən soruşurlar ki, bəlkə bərk masaj edərik və qabırğa sınar? Hətta qabırğa sınsa belə, dayanmaq məsləhət deyil. Çünki qabırğa sınığı insanı öldürməyəcək, nəfəsin olmaması, ürəyin işləməməsi ilə öldürə bilər”.
Əgər insan tənəffüs verməyə iyrənərsə, bunu edə bilməzsə, yenə də ürəyin masajı məsləhətdir. Çünki ürək sıxıldıqca, passiv şəkildə olsa belə, tənəffüs hərəkət edir, ağciyərlər az da olsa, havalanır.
Önəmli məqam, prosedura başlamazdan əvvəl təcili yardıma zəng edib kömək istəmək, hadisənin baş verdiyi yeri dəqiq başa salmaq lazımdır. Bu masaj yardım gələnə qədər vaxt udmağa kömək edəcək.
ZƏRURİ QEYD:
*Böyüklərdə ürəyin qəfləti dayanması əsasən ürəkdə olan səbəblərdən baş verir. Ürəyin qəfləti dayanmasının ilk 4–6 dəqiqəsində qanda ürək və beyin toxumasını lazımi miqdarda təmin edən oksigen olur. Bu səbəbdən vaxtında edilən döş qəfəsinin kompressiyası (sıxılması) klinik ölümün geri dönməsini mümkün edir. Əksər hallarda klinik ölümün müddəti ətrafdakı hərarət normal olduğu zaman 4–6 dəqiqə, soyuq şəraitdə 10 dəqiqə, xroniki xəstəliyi olan insanlarda 3–4 dəqiqə davam edir.
*Uşaqlarda ürək dayanması adətən digər amillərdən (tənəffüs çatışmazlığı, bradikardiya, şok və s.) başvermə səbəbinə görə ikincili olur. Bu səbəbdən ürək dayanmasının qarşısını almaq üçün bu kimi problemli uşaqların vaxtında aşkar edilməsi vacibdir. Buna görə də uşaqlarda sağ qalma zəncirinin birinci addımı qeyri-ürək mənşəli xəstəlikləri vaxtında araşdırıb, qabaqlayıcı (profilaktik) tədbirlər görməkdir.
Böyüklərdən fərqli olaraq uşaqlarda ürək dayanmalarına gətirən tənəffüs çatışmazlığı, bradikardiya və şok qandakı oksigenin miqdarının azalmasına hətta ürək dayanmasından əvvəl səbəb olur. Uşaqların ürəyinin və beyninin lazımi miqdarda oksigenlə təmin edilməsi üçün döş qəfəsinin kompressiyası mütləq ağciyərlərin süni ventilyasiyası ilə ahəngdar (sinxron) şəkildə birgə aparılmalı və ikinci şəxsin köməkliyi ilə həyata keçirilməlidir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.