Modern.az

XİLASEDİCİLƏRİN AĞIR İŞİ

XİLASEDİCİLƏRİN AĞIR İŞİ

25 Avqust 2020, 12:55

Yol qəzalarında zərər çəkmiş insanlara ilkin tibbi yardımın düzgün göstərilməsində mühüm rolu xilasedicilər oynayır. Onlar müəyyən qaydalara əsasən fəaliyyət göstərirlər.

 

Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə dünya praktikasından məlumdur ki, qəzadan sonra lazımi yardım olmadıqda ağır yaralıların 40%-i bir saatdan sonra, 60%-i üç saatdan sonra, 95%-i isə altı saatdan sonra həyatlarını itirirlər. Əgər xilasedicilər hadisədən sonrakı birinci 3 saat ərzində xilasetmə işlərinə başlayıblarsa, dağıntılar altında qalan insanlardan 90%-nin, 6 saatdan sonra başlayıblarsa – 50%-nin sağ qalması mümkündür. Müddət artdıqca insanların sağ qalma ehtimalı azalır, 10 saatdan sonra isə onları xilas etmək praktiki olaraq mümkün olmur.

 

Xilasedici hadisə yerində ilk yardımı, tibbi yardım göstərən heyət gələnə qədər göstərməli və zərərçəkəni onlara təhvil verməlidir. Adətən bunlar təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının tibbi personalıdır. Stansiyanın tibbi personalı öz növbəsində zərərçəkənə lazımi tibbi yardım göstərib, onu təhlükəsiz vəziyyətdə (uzanmış, oturaq, böyrü üstə və s.) və mümkün qədər tez, müvafiq xəstəxanaya təxliyə edir. Göründüyü kimi, zərərçəkənə göstərilən yardım bir neçə mərhələdən ibarətdir.

 

Adətən ilk yardımı təsadüfi insan həyata keçirir. Tibbi yardımın göstərilməsi üçün o, təcili tibbi yardım xidmətini aktivləşdirməlidir. Azərbaycan Respublikası ərazisində təcili tibbi yardım xidmətini aktivləşdirmək üçün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya idarəsinə (tel.: 112 qaynar xətt) və ya təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına (tel.: 103) zəng edilməlidir (zənglər pulsuzdur).

 

Beləliklə, hadisə yerinə tibbi yardım göstərilməsi üçün tibb personalı cəlb edilir və müvafiq xəstəxana zərərçəkənə ixtisaslaşdırılmış yardımın göstərilməsi üçün şərait yaradır, onu qəbul etməyə hazır olur. Bütün mərhələlərdə lazımi səviyyədə göstərilən yardım zərərçəkənin ölmə ehtimalını azaldır, həyatını xilas edir. Bu mərhələlər xilasedicinin hadisə yerinə gəlib, ilk yardım göstərməsi ilə başlayır və xəstəxanada göstərilən tibbi yardımla yekunlaşır.

 

Bu ardıcıllıqla yardım göstərilməsi fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı çox vacibdir.

 

Aydın məsələdir ki, hadisə zamanı heç bir tibbi nəqliyyat vasitəsi tibb işçiləri ilə həmin anda hadisə yerində peyda olub, tibbi yardım göstərə bilməyəcək. Bədbəxt hadisənin ilk anında hadisə yerində ilk yardımı zərərçəkənə özü, sağ qalan hadisə iştirakçısı ilə qarşılıqlı, hadisənin təsadüfi şahidi, daha sonra hadisə yerinə gələn təcili tibbi yardım işçiləri göstərirlər. Buna görə də əhalinin geniş təbəqələrinə ilk yardımın əsaslarının öyrədilməsi əsas məqsəd olmalıdır və onlara ölkəmizdə qəbul olunmuş təhsil standartları və tədris protokollarına uyğun təlimlər keçirilməlidir.

 

Xilasedicilər mütəmadi, iki ildən bir attestasiyadan keçirilməli və ilk yardımın göstərilməsi üzrə tədbirlərə daima hazır olmalıdırlar. Onların əsas və son məqsədi zərərçəkənlərin həyatını xilas etməkdir. Hər bir zərərçəkən özünü müdafiə olunmuş və etibarlı əllərdə hiss etməlidir.

 

Xilasedici həm ölümcül halda olan insanlarla, həm də onun qohum və yaxınları ilə davranış qaydalarını bilməlidir. Ölümcül halda olan insanın tələblərinə həmişə diqqət yetirməli və ona hörmətlə yanaşmalı, təklikdə qalıb ona nəzarət etməli, ünsiyyət yaratmalı və mənliyini alçaldılmamalıdır. Ölümcül halda olan insanın tələblərinə qayğı ilə yanaşmaq lazımdır. Bu vəziyyətdə olan insanı inandırmaq lazımdır ki, ona mümkün olan bütün yardımlar göstəriləcək. Onun qohumlarını da başa salıb inandırmaq lazımdır ki, zəruri olan tədbirlər artıq görülməkdədir. Sizin səsiniz sakit, qəti və lazım gəldikdə inandırıcı olmalıdır. Ölümcül halda olan insan və onun qohumlarının dediklərinə diqqətlə qulaq asın. Onlara yalan vədlər verməyin. İmkan verin ölümcül halda olan insan, onun ailə üzvləri və qohumları öz qəzəblərini, narahatlıq hisslərini və əsəblərini nümayiş etdirsinlər və beləliklə onlardan azad olsunlar.

 

Materialların hazırlanması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 05 aprel 2017-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilən “İlk yardım” vəsaitindən istifadə olunub.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?