44 gün davam edən İkinci Qarabağ savaşında hər bir sahədən iştirak edən vətən oğulları oldu.
Modern.az saytının məlumatına görə, Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgərlərimizdən biri prokurorluq sisteminin əməkdaşı olub.
Onu qısaca olaraq sizə tanıdırıq:
Əlizadə Yüksəl İlqar oğlu 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı, mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.
O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.
2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək, orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq, qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!