Modern.az

Qazaxıstan fəlakətli bir yola girdi

Aktual

6 Yanvar 2022, 14:40

Elman Babayev

Bundan sonra bu ölkənin müstəqilliyindən danışmaq mümkündürmü?


Gözlənildiyi kimi, Qazaxıstan hadisələri arzuolunmaz ssenari ilə irəlilədi və açı nəticələri ortadadır. Lidersizləşdirilən Qazaxıstanda siyasi böhran hökm sürür, kənardan idarə olunan anarxiya, vətəndaş qarşıdurması öz yerini tədricən sabitlik adı altında daha qorxulu gedişata buraxır. Rusiyanın idarə etdiyi şübhə doğurmayan bu proses Qazaxıstanın parçalanması, müstəqilliyini itirməsi kimi təhlükələri anbaan reallaşdırmaqdadır.


Artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı kontingenti Qazaxıstana daxil olub. Tarixin ironiyasına bax ki, KTMT qoşunlarının Qazaxıstana daxil olması qərarını hazırda bu quruma sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb. Və Qazaxıstan kimi bir türk dövlətinə “Paşinyanın qoşun yeritməsi” gerçəkləşib.


Fakt budur ki, KTMT-yə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxil olsa da, bu qurum bir ölkənin - Rusiyanın diktəsi ilə idarə olunur. Bu baxımdan artıq Rusiyanın Qazaxıstanda mütləq söz sahibinə çevrilməsini vurğulamaq mümkündür. Yaşananlar daxili sabitliyin pozulmasının hansısa qiymət artımı ilə bağlı olmadığını bir daha aydın şəkildə ortaya qoyur. Qazaxıstan bir ölkə kimi fəlakətli yola girib. Bundan sonra Qazaxıstanın müstəqilliyindən, müstəqil siyasətə malik olmasından danışmaq mümkündürmü?


Rusiyada son vaxtlar baş qaldıran SSRİ-nin bərpası elementləri, bəzi rus kanallarında sovet vaxtı verilən hava proqnozunun, mahnıların izləri, səsi-sədası Qazaxıstanda açıq-aydın görünməkdədir...



Qazaxıstan hadisəsi Türk dövlətlərinin təşkilatlanmasına da ciddi zərbə vuracaq. Türk dövlətlərinin bir arada olmasının Rusiyada qıcıq yaratdığı bəlli idi. Bir sözlə, Rusiya Qazaxıstan hadisələri fonunda birmənalı şəkildə öz maraqlarını təmin etməkdədir.


Belə bir tarixi, taleyüklü məqamda Azərbaycanın radikal müxalifətinin davranışları da diqqətdən yayına bilməz. Bəlli idi ki, Qazaxıstan məsələsinin görünən tərəfində qiymət siyasətinə qarşı çıxmaq amili olsa da, etirazların alt qatında, pərdəarxasında geosiyasi oyunlar, çirkin ssenarilər dayanırdı. Amma burnunun ucundan uzağı görməyən, hakimiyyətə gəlmək üçün ölkəmizlə bağlı ən pis ssenariyə belə “hə” deməyə hazır olan müxalifət durmadan bunun sırf xalqın etirazı olduğunu haray çəkməyə başladı. Hətta Azərbaycanla analogiya aparmaq istəyənlər də oldu. Bu radikal müxalifətin ilk rəzil davranışı deyil. Başqa ölkələrdə zaman-zaman baş verən siyasi böhranlardan gözlərinə işıq gələn müxalifətin sosial şəbəkələrdə hiss etdirdiyi “hakimiyyətə gəlmə həvəsi” birinci dəfə deyil ki baş verir.


Unudulur ki, Azərbaycanla hansısa ölkə arasında analogiya aparmaq mümkün deyil. Ölkəmizin müstəqilliyinin qarantı olan və Heydər Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasətdən hər hansı bir sapınma yoxdur və Azərbaycana ölkənin milli maraqlarını qoruyan Lider rəhbərlik edir.


Azərbaycanda xarici ölkələrin, təşkilatların, Soros tipli qurumların məqsədinin həyata kecməsi ücün şərait yoxdur. Bu şərait, həm də hakimiyyətin güçünə, düzgün siyasətinə görə yoxdur. İndiyə qədər olan təhriklər, bundan qaynaqlanan çevriliş səciyyəli addımlar uğursuzluğa düçar olub. Bundan sonra da belə olacaq. Çünki xalq bu çirkin oyunların əsl məqsədini yaxşı anlayır və iqtidarın siyasətini birmənalı şəkildə müdafiə edir.


Artıq Azərbaycan iqtidarı Qarabağ məsələsində ittihamlara məruz qalmır, əksinə, əzəli torpaqlarımızın işğaldan qurtarılması xalq-iqtidar birliyini daha da gücləndirib. Bundan başqa, iqtidar yeni-yeni qlobal və regional iqtisadi layihələrə müəlliflik etməklə, sosial siyasətini ardıcıl inkişaf etdirə bilir. Ölkədə siyasi sabitliyin bərqərar olmasında bu kimi faktorlar kompleks şəkildə çıxış edir. Bu baxımdan Azərbaycan müxalifətinin bəlli bir kəsimi bu gün konstruktivlik xəttində dayanır. Odur ki, digər səbəblər sırasına bu səbəb də daxil edilməklə, hansısa hadisələrin Azərbaycan ücün heç bir analogiyası ola bilməz.
 

Bütün bunlara rəğmən, Qazaxıstan hadisələri hamı üçün növbəti örnəkdir. Anlamalıyıq ki, bu tipli etirazların arxasında, bir qayda olaraq, geosiyasi oyunlar, hansısa çirkin ssenarilər gizlənir. Mitinqlər radikal hərəkətlər, şüarlarla daha da alovlanmış belə proses ölkənin kənar qüvvələr tərəfindən idarə olunması ilə nəticələnir. Bu, Qərb də ola bilər, Şimal da... Belə idarəolunan inqilablar drijor çubuğunun hansı geosiyasi oyunçunun əlində olmasından asılı olmayaraq, fəlakət vəd edir. Qazaxıstanda olduğu kimi...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi