Modern.az

Parlament seçkilərinin 2 ay əvvələ çəkilməsini zəruri edən SƏBƏBLƏR

Parlament

20 İyun 2024, 21:21

Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə ölkə Prezidentinə müraciət edəcəklər. Bu barədə YAP İdarə Heyətinin son iclasında yekdil qərar qəbul olunub.

Nəzərə alsaq ki, Azərbaycan Konstitusiyasının müvafiq maddəsinə əsasən, parlamentə növbəti seçkilər bu ilin noyabr ayında keçirilməli idi, o zaman seçkilərin 2 ay əvvələ çəkilməsi təşəbbüsü suallar doğurmaya bilməz.

Əslində bu qərar gözlənilən idi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi məlum olan tarixdən. Çünki söhbət elə bir mötəbər tədbirdən gedir ki, ev sahibi olan Azərbaycan aylardır bütün diqqətini bu tədbirə hazırlığa yönəldib.

Zarafat deyil, ölkəyə 60-80 min arasında xarici qonağın gəlməsi gözlənilir. Tədbirin əhatə dairəsi böyükdür, müzakirə olunacaq məsələlər mühüm və qlobaldır. Bu beynəlxalq tədbir Azərbaycanın nüfuzu üçün önəmlidir, xüsusilə ərazi bütövlüyümüzü tam bərpa etdiyimiz, II Qarabağ müharibəsinin qalibi olduğumuz bir dövrdə. Bu mənada heç bir amil bu tədbirin zəif təşkil olunmasına, kölgədə qalmasına təsir göstərməməlidir. Dövlət səviyyəsində bu tədbirin hazırlığına hiss olunan səfərbərlik bunun üçündür. Odur ki, tədbirin keçirilmə təqviminin parlament seçkiləri ilə eyni vaxta təsadüf etməsi COP29-a layiqli hazırlaşmağa mane ola bilər deyə, seçkilərin əvvələ çəkilməsi təşəbbüsü müsbət addım kimi xarakterizə olunmalıdır. Vaxtın dəyişməsi seçki prosesinin özü üçün də əhəmiyyətlidir, ona görə ki, seçki də bu tədbirdən az önəm kəsb etmir, üstəlik, təşkilatçılıq nöqteyi-nəzərindən rahat həyata keçirilmir. Seçki ölkəmizin taleyi üçün vacib hadisədir, uğurlu alınması, ictimai rəydə təbliğat və təşviqat kampaniyasının səliqəli, effektiv aparılması başlıca şərtdir. Qısası, nə beynəlxalq tədbir seçkiyə, nə seçki beynəlxalq tədbirə hazırlıq mənasında əngəl olmalıdır.


Hər iki tədbirə qüsursuz hazırlaşmaq, layiqli başlayıb, sona çatdırmaq hər kəsin maraq dairəsindədir. YAP-dan olan millət vəkillərinin müraciəti bu aspektdən vaxtında səslənmiş və ortaya qoyulmuş düzgün mövqedir.

Başqa bir diqqət ediləsi məqam 44 günlük müharibə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində yaranmış yeni reallıqlardır. Azərbaycan bu dövrə müstəqillik tarixində ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək qədəm qoyub. Bu dövrün ilk seçkiləri isə 2024-cü ilin fevralında növbədənkənar prezident seçkiləri oldu və müstəqillik tariximizə bütün ölkə ərazisində keçirilən ilk seçkilər kimi yazıldı. Prezident İlham Əliyev həmin vaxt yerli televiziyalara müsahibəsində seçkilərin önə çəkilməsini bu səbəblərlə izah etmişdi: “Birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”.

Prezidentin vurğuladığı bu önəmli səbəblər öz aktuallığını qoruyub saxlayır. İlk dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra sıra parlament seçkilərindədir. Ardıcıllıq, siyasi iyerarxiya bunu diktə edir.

Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə Qarabağ və Şərqi Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar ki, bu da bir ilk kimi tarixə düşəcək. Yeni dövrün tələbinə uyğun olaraq yeni parlamentin formalaşdırılmasının zamanıdır. Bunun sırf ölkəmizin maraqları baxımından 2 ay öncə baş verməsindən isə udan bütövlükdə Azərbaycan dövləti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var