Modern.az

Erməni şəbəkəsinin Rusiyaya qarşı informasiya diversiyası

Ölkə

28 Mart 2024, 12:00

Rusiyadakı erməni lobbisi və erməni oliqarxları tərəfindən bəslənən şəbəkə müəyyən fasilədən sonra Azərbaycan əleyhinə təhdid, şər-böhtan yağdırmağa, heç bir əndazəyə sığmayan, qərəzli mövqe tutmağa başlayıb. Yenə eyni adamlara bu ölkədə baş verən terror aksiyasını iki dövlət arasındakı münasibətlərə, imzalanan sənədlərə məhəl qoymadan Azərbaycana qarşı iyrənc kampaniyaya çevirmək tapşırığı verilib. Erməni torundakı şəbəkə bir qədər də irəli gedərək, nə danışdıqlarının fərqinə varmadan terror aktını ümumilikdə anti-İslam kampaniyasına çevirməyə çalışırlar.

Şəbəkənin əsas simalarından olan teleaparıcı, jurnalist Vladimir Solovyov Azərbaycana qarşı sifarişi icra etmək üçün “saman çöpündən” yapışıb. Terror aktının baş verdiyi məkanın “etnik azərbaycanlılara məxsus olması”nı qabartmaqla, bu dəhşətli faciədə guya Azərbaycan izinin olmasına işarə vurub. Bu xəstə məntiqlə yanaşsaq, dünyada törədilən terror hadisələrinin icraçılarını tapmaq üçün elə məkanın kimə məxsus olduğuna baxmaq lazımdır. Məsələn, Rusiyadakı terror hansısa rusiyalının məkanında törədilsəydi, deməli, bunu Rusiya özü etmiş olurdu. Solovyov da yaxşı anlayır ki, bu cür faciələr istənilən məkanda baş verə bilər. Sadəcə, sifarişi yerinə yetirmək üçün məntiqsiz və iyrənc arqumentlərlə azərbaycanlılarla terror arasında əlaqə tapmaq üçün məkandan yapışmaq zorunda qalıb. Çünki deyiləcək başqa söz qalmayıb. Hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Rusiya rəsmiləri terrorla bağlı Solovyovdan fərqli olaraq başqa ünvanlara işarə vurublar. Rusiya rəhbərliyi onu da bəyan edib ki, terrorçunun dini və milləti olmur.


Erməni oliqarxlarının pulları ilə yemlənənlər də yaşadıqları və vətəndaşı olduqları Rusiyada heç vaxt islamafobiya olmadığını unutmamalıdırlar. Açıq etiraf etmək lazımdır ki, Rusiya məhz bu düzgün siyasəti ilə əsrlər boyu Fransa, ABŞ və başqa bu kimi Qərb ölkələrindən fərqlənib. Məhz bunun nəticəsidir ki, Rusiyanın müsəlman vətəndaşları ermənilərdən fərqli olaraq daim bu dövlətə sadiqlik nümayiş etdiriblər. Bu gün də belədir. Amma görünən odur ki, bu, Solovyov kimiləri və onların arxasında duran erməni şəbəkəsini narahat edir. Həmişə çətin vaxtlarında Rusiyaya xəyanət edən erməni şəbəkəsi indiki həssas məqamda məqsədli şəkildə anti-İslam kampaniyası apararaq, on milyonlarla müsəlmanın yaşadığı ölkədə açıq-aşkar informasiya diversiyası ilə məşğul olur. Rusiyaya xas olmayan etnik və dini məsələləri qızışdırmaq cəhdi bu dövlətə qarşı ən böyük xəyanət deyil, bəs nədir?! Bu xəyanətin inkişaf etdirilməsi Rusiya kimi islamafobiyaya yad ölkəyə yaxşı nəsə vəd etmir...

Solovyov da bu xəyanətdə baş rol alıb. Belə olmasaydı, Rusiyanın indiki ağır dönəmində Ermənistanın xəyanətindən danışardı. Ermənistanın Rusiyaya arxa çevirib Qərbə meyllənməsi, hər addımda bu dövlətin maraqlarını tapdaq altına atması Solovyovu heçmi narahat etmir? Rusiyada baş verən dəhşətli terror hadisəsindən sonra belə Ermənistanın baş naziri Paşinyanın Rusiya prezidentinə zəng etməməsi Solovyovu, erməni lobbisinin sifarişlərini yerinə yetirən Simonyan, Qabrielyanov, Karapetyan kimi media oliqarxlarını az da olsa düşündürməli idi. Bunun Ermənistanı həmişə qoruyan, yoxdan var edən Rusiyaya xəyanət olması vurğulanmalı idi. Amma bunu edə bimirlər. Çünki şəbəkələşmiş şəkildə Rusiyanın informasiya siyasətini sabotaj etmək, ayrı-ayrı dövlətlərlə münasibətlərini korlamağa çalışmaq sifarişini icra edirlər.

Rusiya dövləti, ictimaiyyəti də fərqinə varmalıdır ki, Azərbaycanla, digər İslam ölkələri ilə münasibətləri korlamaq üçün edilən cəhdlər təhlükəli ssenarinin elementləridir. Ermənilərin ruporuna çevrilməklə Azərbaycana, bütövlükdə İslama qarşı heç bir çərçivəyə sığmayan informasiya terroru həyata keçirənlər zamanında durdurulmalıdır. Reallıq və siyasi əxlaq hisslərini itirənlər, öz ölkəsinin maraqlarını erməni olqarxlarına satanlar məsuliyyətsiz çıxışları ilə açıq- aşkar Rusiyanın maraqlarına ciddi zərbə vurmaqdadırlar. Belələrinə qarşı ictimai qınaqla yanaşı, hüquqi addımlar da atılmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü