Modern.az

Azərbaycan Türkiyə, Rusiya, Avropa İttifaqı ilə əməkdaşlığa sadiqdir 

Aktual

22 Fevral 2022, 12:00

Elman Babayev

Azərbaycan tezliklə Avropa İttifaqı ilə əməkdaşlığa dair saziş imzalayacaq. Prezident İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu barədə danışıb. Prezident Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqlar verildiyini də diqqətə çatdırıb.

Beləliklə, Azərbaycan diplomatik ustalıqla, təmkinlə beynəlxalq müstəvidə siyasət yürütməkdədir. Türkiyə ilə ötən il Şuşa Bəyannaməsi imzalanıb. Rusiya ilə oxşar sənəd imzalanacaq və münasibətlər bu ölkə ilə də müttəfiqlik səviyyəsinə yüksələcək. Bununla yanaşı, yaxın zamanlarda Avropa İttifaqı ilə də ikitərəfli sazişə imza atılacaq. Bütün bunları paralel olaraq həyata keçirmək güc, bacarıq və məharətli diplomatiya tələb edir.

Unutmaq olmaz ki, Azərbaycanın 44 günlük Vətən müharibəsundəki qələbəsinin, başqa ölkələrin taleyini yaşamamasının kökündə dayanan da məhz yürüdülən düşünülmüş xarici siyasətdir. Bu siyasətin nəticəsi o oldu ki, ötən 30 ilə yaxın müddətdə heç bir dövlət, hətta Ermənistan qondarma Dağlıq Qarabağ respublikasını tanımadı. Bütün beynəlxalq təşkilatlar, dünyanın güc mərkəzləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək siyasətindən geri durmadı. BMT, NATO, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. qurumlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul etdi.

Paralel olaraq rəsmi Bakı Gürcüstan, Türkiyə, Rusiya və İranın maraqları ilə kəsişməyən proqramlar həyata keçirib, ABŞ və Avropa ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanı Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edə biləcək əsas gücə çevirib. Azərbaycan tədricən regionun geosiyasi mənzərəsini dəyişməklə, belə demək mümkünsə, Ermənistanın ənənəvi müttəfiqlərini öz tərəfinə çəkməyi bacarıb. Ən yaxşı nailiyyət udur ki, indi bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini də qəbul edib. Yaranan reallığı qəbul etdirməksə, siyasi baxımdan çox önəmli hadisədir.

Hazırda nəzərlər Moskvaya, Azərbaycan Prezidentinin rəsmi səfərinə yönəlib. Orada müttəfiqlik sənədinin imzalanması gözlənilir. Tələsik və emosional tonda verilən rəylər var, bəziləri ajiotaj yaratmağa çalışır. Şübhəsiz ki, bu rəylər Rusiya Qərb münasibətlərinin kəskinləşməsi, Ukrayna böhranının dərinləşməsi fonunda meydana çıxır. Lakin Azərbaycanla Rusiya münasibətlərinin yeni mərhələsi tamam başqa bir siyasi hadisədir, ölkəmizin yaxın qonşularla normal siyasi əməkdaşlıq siyasətinin tərkib hissəsi kimi baş verir, bu baxımdan rahat söyləmək olar ki, sənəd müstəqil siyasət yürüdən Azərbaycanın Rusiya ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da möhkəmləndirəcək, daha yaxşı təməllər üzərinə qoyacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü