Modern.az
Qəzənfər Həmidoğlu İt ürəyi-2

Qəzənfər Həmidoğlu

İt ürəyi-2

Aktual

16 Aprel 2022, 08:42

Qəzənfər Həmidoğlu

Yəqin ki, Vladimir Bortkonu tanıyırsınız, Mixail Bulqakovun “İt ürəyi” povesti əsasında çəkilmiş eyniadlı filmin rejissorudur. Bulqakovun əsəri satirik fantastikanın şedevridir…


Yadınızdadırsa, professor Filip Filipoviç Preobrajenski əyyaş, davakar və balalaykaçı Klim Çuqunkinin hipofizini küçə iti Şarikə köçürür və eksperiment nəticə verir: köpək tədricən insanabənzər məxluqa çevrilir. Nəhayət, küçə iti dönüb olur bolşevik Poliqraf Poliqrafoviç Şarikov və professorun başının bəlasına çevrilir…


Və dünən “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişinin bir epizodu “İt ürəyi” filmini xatırlatdı: Bu dəfə Bortkonun özü Poliqraf Poliqrafoviç Şarikova dönmüşdü. Belə bir rejissor zombiləşibsə, görün, qalanları nə gündədir. Həmin epizodda Bortko deyir:


“Bizim ərazilərə əl uzadılması “kazus belli”, müharibə üçün tam, əsl əsasdır, axmaqlıq etməyək... indi biz orda nə edirik?”


Aparıcı Olqa Skabayeva: “Rusiya Ukrayna ərazisində xüsusi əməliyyat aparır”.


Bortko: “Xüsusi əməliyyat bu gecə bitdi. Bizim vətənə hücum ediblər...”


Skabayeva: “Siz “xüsusi əməliyyat bitdi” dedikdə, “Moskva” kreyserini, “müharibə” dedikdə, total səfərbərvərliyi nəzərdə tutursunuz?”


Bortko: “Mən “Moskva” kreyserindən danışmaq istəmirdim, amma bunu siz dediniz. “Moskva” kreyseri müharibə üçün qəti, 100 faizlik səbəbdir, o bizim flaqman idi. Burda fikirləşməli bir şey yoxdur, cavab vermək lazımdır. Amma necə? Bunu fikirləşmək lazımdır. Mən qəti əminəm ki, qələbə bizimlə olacaq...”


Maraqlıdır, “Moskva”nın batdığını etiraf edən Rusiya Müdafiə Nazirliyi raket kreyserini Ukraynanın “Neptun” raketi ilə vurması versiyasını yaxına buraxmır: “Yanğın nəticəsində kreyserdə hərbi sursat detonasiya edib. Gəmi ciddi zədə alıb. Yanğının səbəbləri araşdırılır”.


Hələ də araşdırmanı bitirməyiblər. Amma Bortko rus donanmasının flaqmanının – admiral gəmisinin ukraynalıların vurduğuna əmindir. Adam müharibə istəyir. Hərçənd ki, Borto Ukraynada müharibənin çoxdan başladığını, rus ordusunun şəhərləri bombaladığını, dinc insanları qırdığını bilmıyəcək qədər abdal deyil. Zorən putinoidləşib, yoxsa gerçəkdən zombiləşib – fərqi yoxdur, hərifdə anlayış, acıma kimi hisslər sıfır həddinə düşüb.


Bu 50 gündə əksər rus ziyalıları öyündükləri “rus ruhu”nu basdırdılar. Sanki beyinləri professor Preobrajenskinin eksperimentinə məruz qalıb, reallıq hissini itiriblər.


Məsələ sadəcə “Moskva”nın batmasında deyil, Rusiyanın özü “Titanik” kimi batır. Həmişə belədir, əvvəlcə ağıl əldən gedir, sonra da bədən...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?