Modern.az
Qəzənfər Həmidoğlu Türk Birliyi nədən zərurətdir?

Qəzənfər Həmidoğlu

Türk Birliyi nədən zərurətdir?

Analitika

16 Noyabr 2023, 08:30

XXI əsrin ortalarına doğru qlobal güclər arasında rəqabətin gücləndiyi, beynəlxalq sistemdə anarxiyanın baş alıb getdiyi və dünyanın yenidən müharibələr epoxasına girməyə başladığı bir dönəmdə tarixi şərtlər və günümüzün geosiyasi reallıqları Türk dövlətlərinin sıx əməkdaşlığını zərurətə çevirir. Türk Dövlətləri Təşkilatının (TDT) güclü siyasi-iqtisadi, hərbi və mədəni əməkdaşlıq formatına çevrilməsinin, siyasi çəki və nüfuz sahibi olmasının perspektivləri onun üzvlərinin qlobal çağırışlara birgə cavab vermək bacarıq və iradəsindən, özəlliklə də necə vahid təhlükəsizlik orqanizminə çevriləcəyindən asılıdır.

Qloballaşan dünyada hər bir ölkə milli təhlükəsizliyinə təhdidlərlə, məsələn, terror, ekspremizm, separatizm və s. ilə üzləşir. Bu kontekstdə bir çox ölkə beynəlxalq təşkilatların bayrağı altında birləşərək çoxtərəfli əməkdaşlıq çərçivəsində həmin təhdidləri neytrallaşdırmağa cəhd edir.

Xarici təhdidlər isə daha ekzistensial, suverenliyə fəlakətli risklər vəd edir. Soyuq müharibə bitdikdən sonra zəngin enerji resursları və coğrafiyası ilə bağlı Xəzər hövzəsinin -Orta Asiya və Qafqazın daxil olduğu Türk dünyasının geosiyasi və geostrateji önəmi qlobal miqyasda xeyli artıb. Regionun keçmiş hegemonu olan SSRİ-nin çöküşündən sonra yaranan güc vakuumunda supergüclərin region uğrunda rəqabəti son 30 ildə artan tempdə inkişaf edir və rəqabətin kulminasiya nöqtəsində istənilən geosiyasi sürprizləri, kataklizmləri istisna etmək mümkün deyil...

TDT üzvləri fərqli iqtisadi resurslara sahibdirlər, tələb və hədəfləri də müxtəlifdir. Türk dünyası Avrasiyanın düz göbəyində yerləşir və həm geosiyasi vəziyyəti, həm də neft-qaz ehtiyatları supergücləri maqnit kimi özünə cəzb edir. 2020-ci ildə Qazaxıstan, Azərbaycan, Türkmənistan və Özbəkistanın neft ehtiyatlarının ümumi həcmi təxminən 38,2 milyard barel təşkil edib. Bu, dünya üzrə neft ehtiyatlarının ümumi həcminin təxminən 2,2 faizi səviyyəsindədir. 2021-ci ildə dünya neft hasilatının 3,4 faizi Qazaxıstan, Azərbaycan, Türkmənistan və Özbəkistanın payına düşüb. Təbii qaza gəldikdəsə 2020-ci ildə Qazaxıstan, Azərbaycan, Türkmənistan və Özbəkistanın qaz ehtiyatlarının ümumu həcmi 19,2 milyon kubmetr olub. Bu 4 Türk dövləti qlobal qaz ehtiyatların təxminən 10,1 faizinə sahibdir (British Petroleum, 2021-2022).

Tarixən Türk coğrafiyası savaş meydanı olub və indi də beynəlxalq rəqabət sisteminin hədəfindədir ki, bu da TDT ölkələrinin təhlükəsizliyi üçün real risklər yaradır. Rusiya Avrasiya məkanına “təbii təsir dairəsi” kimi baxmaqda davam edir. Çin Orta Asiya dövlətləri ilə əlaqələrini sıxlaşdırır və nə vaxtsa regionu arxa bağçasına çevirməyi hədəfləyir. ABŞ əli qoynunda dayanmayıb, “5+1” formatında Mərkəzi Asiya ölkələrinin liderləri ilə əlaqələrini sıxlaşdırır. Bu günlərdə Makronun qəfildən Qazaxıstan və Özbəkistanda peyda olması, Fransa və Özbəkistan prezidentlərinin Səmərqənddə gecə gəzintisinə çıxması göstərdi ki, Avropa İttifaqı regional rəqabət və oyunlarda müşahidəçi qalmayacaq.


Moskva-Pekin-Qərb rəqabəti həm birlikdə, həm də ayrılıqda TDT üzvlərinin – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın, eləcə də qurumda müşahidəçi olan Türkmənistanın təhlükəsizliyi üçün riskləri ehtiva edir. TDT üzvləri yerləşdiklərin coğrafiyada regional təhlükəsizliklərini təmin etmək və perspektivdə hətta qlobal təhlükəsizliyə töhfə vermək imkanlarına sahib olmaq istəyirlərsə, artıq təhdid riskləri yaradan faktor və şərtləri aradan qaldırmaq istiqamətində ciddi addımlar atmağa məcburdurlar.

Məsələn, Mərkəzi Asiya dövlətləri və Azərbaycan geopolitik baxımdan qapalı ölkələrdir. Türkiyədən başqa, digər Türk dövlətlərinin okeana çıxışı yoxdur. Başqa sözlə, Türk dövlətləri idxal-ixracda qonşu dövlət və regionlardan asılı vəziyyətdədirlər. Rusiyanın neft nəqlində Qazaxıstanın, təbii qaz tranzitində vaxtilə Türkmənistanın başına açdığı oyunlar ticarət sahəsində qonşunun öz qonşusunun rifahına nə cür risklər yaratmasının ibrətamiz nümunəsidir. Bu baxımdan mövcud geosiyasi situasiya və İkinci Qarabağ savaşından sonra yaranmış konyunktura kontekstində TDT-nin ticari-iqtisadi potensialından effektiv bəhrələnmək Türk dünyasını qapalılıqdan xilas edəcək, geosiyasi qıfılını açacaq açara çevrilə bilər. Bu baxımdan TDT coğrafiyasının birliyi üçün Zəngəzur dəhlizinin önəmi misilsizdir. Düzdür, indi “Orta dəhliz”in İrandan keçən variantı ön plana çıxır. Amma o “İran variantı” əslində Şimali Azərbaycandan Güney Azərbaycana və ordan da Naxçıvana keçəcək. Və kimsə bilməz ki, Cənubi Qafqazın da tərkib hissəsi olduğu Yaxın Şərqin qaynar qazan kimi qaynadığı bir dönəmdə bu regionda bu işlərin sonrası necə olacaq, qlobal rəqabət prosesləri hara aparıb çıxaracaq.

Ümumi dəyərlərimiz ( etnik, dil, din, mədəni, coğrafi və tarixi) imkan verir ki, TDT sadəcə ümumi maraqlara söykənən təşkilat kimi qalmasın, fundamentindəki kollektiv türk identikliyi ilə özünü nə vaxtsa daha mükkəmməl və iddialı geosiyasi orqanizm kimi təqdim etsin. Bunun üçün vacib şərt Türk Birliyinin regional və qlobal təhlükəsizliyə yanaşmada ümumi və birgə konsepsiyaya sahib olmasıdır. Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev də noyabrın 3-də Astanada TDT-nin “TürkTime” adı altında keçirilən 10-cu yubiley sammitində vurğulamışdı ki, “beynəlxalq vəziyyətin indiki təlatümlü dövründə türk xalqlarının birliyinin möhkəmləndirilməsi çox vacibdir, bu da ümumi təhlükəsizliyimizin etibarlı təminatı olacaq”.

Təəssüf ki, hazırda Türk coğrafiyasında pafos çox, real işlərsə yetərincə deyil.

Məsələn, hər sammitdə TDT üzvləri arasında ticarət dövriyyəsinin artırılmasından danışılır, vədlər verilir, planlar qurulur. TDT-nin baş katibi Kubanıçbek Omurəliyev isə Astanadakı yubiley sammitində dedi ki, 5 üzv ölkə arasında ixrac-idxal əməliyyatlarının həcmi ildə 42 milyard dollara çatıb. Bu, öyünüləsi göstərici sayıla bilməz.

TDT üzvü dövlətlərin ayrıca xarici siyasətləri, balans manevrləri, geosiyasi flirtləri və benefisiar iddiaları hələlik qurumun təhlükəsizlik platforması kimi çıxış etməsini ertələyir. Bunsuz isə "TURKTİME"nin (Traditions, Unification, Reforms, Knowledge, Trust, Investment, Mediation, and Energy) abreviaturasındakı TDT-nin 8 prioritetindən (ənənə, birləşmə, islahatlar, bilik, etibar, investisiya, vasitəçilik və enerji) danışmaq asan, praktikada reallaşdırmaq isə çətindir...

Hər bir halda pessimistlərə və opponentlərinə rəğmən TDT Türk dünyasına pozitiv perspektiv vəd edəcək və beynəlxalq güc mərkəzlərini onunla hesablaşmağa vadar edəcək potensiala sahibdir. İndi gərək bu potensialı gücə çevirməkdə vaxt və fürsətlər fotə verilməsin.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı