Modern.az
Qəzənfər Həmidoğlu Deputinizasiya...

Qəzənfər Həmidoğlu

Deputinizasiya...

Aktual

20 Aprel 2022, 14:56

Qəzənfər Həmidoğlu

“...Tezliklə bu sual qarşımıza çıxacaq: Putinizm üzərində qələbədən sonra onun 20 illik “nailiyyət” və törətdiklərini qəbul etməyə hazır olan elə bir zibilxananı, çirkab quyusunu hardan tapacağıq? Bu zir-zibil olduqca toksikdir, ölümcüldür, istənilən materiyanı, istənilən sağlam düşüncəni məhv etməyə qadirdir.

Putinizmdən marazm azarının ölümcül dozası şüalanır: onun bəhrələri hər şeyə infeksiya salır, hər şeyi yoluxdurur. Putin və orklarının (əcaib humanoidlər, fentezi məxluqları) Rusiyada son 20 ildə törətdiklərini hara dürtək, hara yox edək? Bu zir-zibildən yaxa qurtarmalıyıq, bunsuz olmaz. Sual yaranır: Necə? Cavabı yoxdur, ən azı indilik...

Amma bu azar koronovirusdan, vəbadan daha yolxucudur, bir toxunman, bir nəfəs alman yetər ki, faşizmin ağır formasına yoluxasan. Və faşizm azarına tutulan onun simptomlarını hiss etmir və anlamır ki, o, artıq infeksiya qapıb.

Vaxtilə mənim bəxtim gətirdi ki, 25 il əvvəl bu peyinin, bu rus faşizminin yüngül forması ilə xəstələndim. Mən bu azarın simptomlarından və klinik təzahürlərindən baş çıxara bildim...

Putin dövlətçiliyinin zir-zibilini, onun opriçniklərinin törətdiklərini harasa yox etmək lazımdır. Məsələn, Marqarita Simonyanın əl-qolunu bağlamaq və Yeni Qvineyanın ən qəddar qəbiləsinə atmaq olar. Bütün qəbilə ilə birgə konteynerə tullayıb və toksikliyini yox etdikdən sonra Marqaritanı konteynerdə Rusiyaya qaytarmaq olar.

Putin diktaturasının zəhərli tör-töküntülərini belə utilləşdirmək lazımdır. Heç bir standart qəbir, hətta Çernobıl günbəzi və ya Sibir qarayarası bakteriyalarının saxlanc yeri belə bir yoluxmanın qarşısında dura bilməz...”


Bu sərt ifadələrin və dəyərləndirmənin müəllifi Aleksandr Nevzorovdur. Rusiyanın tanınmış jurnalisti hesab edir ki, putinizm rus cəmiyyətinin iliklərinə elə işləyib ki, bu azar Rusiyanın canından asanlıqla çıxmayacaq.



Rusiya deputinizasiyadan keçməzsə, nə ətraf ölkələr, nə də dünya rahatlıq tapa biləcək. Yəni, putinizm sadəcə “epidemik” problem deyil, Rusiyadan kənarda, postsovet məkanında da yoluxucu effekti – “pandemik” özəllikləri var. Pereventiv tədbirlər görmək lazımdır ki, onun simptomu - “5-ci kolon” təhlükəli azara çevrilməsin.
 

Yeri gəlmişkən, Rusiya-Ukrayna savaşı “5-ci kolon”un mahiyyətini, başqa dövlətə maşa olanların gerçək simasını bütün çılpaqlığı ilə ortaya sərdi. Ukraynalıların açı təcrübəsi bir daha təsdiq etdi ki, “5-ci kolon” hansı formada təzahür etməsindən asılı olmayaraq de-fakto daxili düşməndən başqa bir şey deyil...
 

Ukrayna Ali Radası Rusiya ilə əlaqələrinə görə Medvedçukun lideri olduğu “Müxalif platforma – Həyat uğrunda” (Опозиційна платформа -За життя / OPZJ) parlament fraksiyasının fəaliyyətini dayandırıb. OPZJ-dən başqa, “qara siyahı”ya bloger Anatoli Şarinin partiyası (“Партія Шарія”), “Bizimkilər” (Наші), Müxalif blok, Sol Qüvvələr İttifaqı (Союз Лівих Сил), Ukrayna Mütərəqqi Sosialist Partiyası (Прогресивна соціалістична партія України) kimi digər rusiyayönümlü təşkilatlar da düşüb. Ukraynanın Antikorrupsiyaya Milli Agentliyi və "Рух ЧЕСНО" ictimai təşkilatı “Ukrayna satqınlarının reyestri”nı tərtib edib. Qurumin “chesno.org” saytında dərc etdiyi siyahıda hazırda 106 ukraynalının, o cümlədən siyasətçi, politoloq və jurnalistin adı var. Ukraynada artıq kollaborasionizmlə bağlı iki qanun qüvvəyə minib. İşğalçılarla əməkdaşlıq edənləri 15 ildən ömürlük həbsədək məhbəs həyatı gözləyir...
 

Anlamırlar ki, “5-ci kolon”un keçmişi və indisi olur, amma heç vaxt gələcəyi olmur...

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!