Modern.az
Qəzənfər Həmidoğlu Çin Rusiyadan yan keçir...

Qəzənfər Həmidoğlu

Çin Rusiyadan yan keçir...

Aktual

21 Aprel 2022, 08:39

Qəzənfər Həmidoğlu

Çinin hökumət portalı Сhina.org: “Çin Almaniyaya Rusiyadan yan keçən dəmiryolu marşrutunu işə salıb. Bu marşrutla qatarlar Almaniyanın Manheym şəhərinə gedəcək. Yeni marşrut Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçir. Xəzər və Qara dənizlərini qatarlar kombinasiyalı dəmiryolu və dəniz daşımaları ilə keçəcəklər”.


Aprelin 13-də Sian şəhərindən ilk qatar artıq yeni marşrutla yola düşüb. Sianın “Juyan” beynəlxalq logistika şirkəti bildirir ki, bu marşrutla Çin qatarları nadir keçdikləri ölkə və regionlardan keçəcəklər: “Bu marşrut daşınmaların effektivliyini artıracaq, xərcləri azaldacaq, yaranmış situasiyada ixraçı sahmana salmağa kömək edəcək”.


Beləliklə, Qərbin Moskvaya sanksiyaları və embarqoları fonunda Çin istehsalçıları və iri yükdaşıyıcı şirkətləri Avropaya Rusiya vasiəsilə tranzitdən imtina edirlər. Rusiya Dəmir Yollarının oyundankənar qalması, “İpək Yolu”nun şimal marşrutunun dayanması, ümumiyyətlə, Rusiyanın “nəqliyyat blokadası”na alınması Azərbaycan üçün yeni tranzit imkanları, Azərbaycan Dəmir Yolları və Xəzər Gəmiçiliyi üçün əlverişli fürsətlər deməkdir.


Pekin Rusiyaya qarşı sanksiyalara qoşulmasa da, Qərblə normal əlaqələrdə maraqlıdır və sanksiyaları pozduğu halda Amerika və Avropanın sərt reaksiyası ilə üzləşə biləcəyindən çəkinir.


Bu günədək 750 xarici şirkət Rusiyada işini dondurub və ya tam dayandırıb. Onların arasında Çin şirkətləri, o cümlədən ÇXR-in “Sinopec” (China Petroleum & Chemical Corporation) dövlət neft-qaz korporasiyası da var. Çin şirkətləri və bankları açıq şəkildə Rusiya bazarında investisiya fəallıqlarını dayandırırlar. Hətta Çinin elmi dairələri də Rusiya Elmlər Akademiyası (RAN) ilə əməkdaşlığı dayandırıb. RAN-ın prezidenti akademik Aleksandr Sergeyev şikayətlənir ki, “bizim çinli elmi kolleqalarımız pauza götürüblər”.


Necə deyərlər, siyasət, geosiyasət ayrı, ticarət ayrı...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi