Modern.az
Qəzənfər Həmidoğlu Tortun üstündəki Lula

Qəzənfər Həmidoğlu

Tortun üstündəki Lula

Aktual

5 May 2022, 15:08

Qəzənfər Həmidoğlu

Luis İnasiu Lula da Silva Braziliyanın dünyada Peledən sonra bəlkə də ən ünlü, eyni zamanda ən qalmaqallı simasıdır. Ən azı Braziliyanın gəlmiş-keçmiş dövlət başçıları arasında məşhurluqda Lulanın tayı yoxdur. Təsadüfi deyil ki, “Time” jurnalı 2010-cu ildə Lulanı “dünyanın ən nüfuzlu adamı” elan etmişdi.


Luis İnasiu da Silva siyasətə atılandan ölkəsində və dünyada “Lula” ləqəbi ilə məşhurdur. Lula - Luis adının əzizləyici formasıdır. Adam hələ həmkarlar hərəkatı dönəmindən “Lula” adı ilə məşhur olduğu üçün sonralar bu ləqəbi rəsmi soyadları sarasına daxil edir və Əmək Partiyasının qurucu sədri 80-ci illərdən Luis İnasiu Lula da Silva kimi tanınır. 2002 və 2006-cı illərdə Braziliya prezidenti seçilən Lula 2017-ci ildə korrupsiyada ittiham edilərək 9,5 il azadlıqdan məhrum edilir. Lula 2019-cu ildə azadlığa buraxılır və ötən il Braziliya Federal Ali Məhkəməsi Lula da Silva haqqındakı bütün ittihamları ləğv edir.


Lula yenidən böyük siyasətə qayıdıb və vəd edir ki, “milləti xilas edəcək”. 2022-ci ilin oktyabrında keçiriləcək prezident seçkisində ifrat sağçı indiki dövlət başçısı Jair Bolsonaru ilə solçu Lula arasında böyük qarşıdurmanın olacağı gözlənilir. Rəy sorğularına əsasən, Əmək Partiyasının lideri səslərin 45%-ni toplayacaq, indiki prezident isə 31%-ə ümid edə bilər. Yeri gəlmişkən, Braziliyada mərkəzçi siyasətçilər seçki zamanı ortalıqda görünmürlər. Yəni, Braziliya siyasətində “orta” yoxdur, seçkidən-seçkiyə ölkə siyasəti ya sola, ya da ifrat sağa yuvarlanır.


Venesuelanın keçmiş diktatoru Uqo Çavesin və İranın sabiq prezidenti Mahmud Əhmədinejadın dostu olan, Putinə rəğbəti ilə seçilən, BRİCS-in əsas ideoloqlarından olan Lula da Slva şübhəsiz ki, XXI əsrin ən xarizmatik və ekstravaqant siyasətçiləri sırasındadır. Braziliyada sol kütlə Lulaya hətta özünü sosial ədalət uğrunda fəda edən mifik qəhrəman kimi baxır. Baxmayaraq ki, onun protejesi, Əmək Partiyasından prezident seçilmiş Dilma Ruseffin impiçmenti Lulaya ağır zərbə oldu. Yeri gəlmişkən, 77 yaşlı Luis İnasiu Lula da Silva bu ay Əmək Partiyasının fəalı, 55 yaşlı sosioloq donna Silva ilə evlənəcək. Bu, eks-prezidentin 3-cü evliliyidir.


Mayın 4-də “Time” jurnalı Luis İnasiu Lula da Silva ilə bağlı geniş yazı hazırlayıb və Lulanın Ukrayna lideri Volodimir Zelenski ilə bağlı fikirləri Rusiya mediasını xeyli sevindirib. “RIA Novosti” agentliyinə və RT-yə istinadən Rusiyanın bütün qəzet və saytları “Time”ın həmin xəbərini tirajlayıblar. Təbii ki, Azərbaycan saytları da həmişəki kimi mənbə göstərmədən həmin xəbəri yayıblar. Amma tərcümədə elə də korrekt olmayıblar.


• “RIA Novosti”: “Vladimir Zelenski Rusiya ilə müharibə istəyirdi, əks halda o, danışıqlar aparardı, Braziliyanın eks-prezidenti və yeni seçkilərdə prezidentliyə namizəd Luis İnasiu Lula da Silva belə hesab edir. “ O, müharibə istəyirdi. Əgər istəməsəydi, o, danışıqları davam etdirməli idi”, - o, “Time” jurnalına müsahibəsində söyləyib.


“Mən Ukrayna prezidentini tanımıram, lakin onun davranışları bir qədər qəribədir. Sanki tamaşanın bir hissəsidir. O, səhər, günorta və gecə televizordadır. O, Britaniya parlamentində, alman parlamentində, fransız parlamentində, italyan parlamentindədir, sanki siyasi kampaniya aparır. Əslində o, danışıqlar stolunda olmalı idi”, - Braziliyanın eks-prezidenti bildirib.


O, qeyd edib ki, insanlar Rusiya prezidenti Vladimir Putinə nifrəti qızışdırırlar, “lakin bu problemin həlli deyil”. “Biz anlaşmaya nail olmalıyıq. Lakin adamlar (müharibəyə) təhrik edirlər. Siz bu gənci (Zelenskini) ruhlandırırsınız, o da sonra düşünür ki, sizin tortunuzun üstündəki gilasdır. Bizim ciddi söhbətimiz olmalıdır”, - Lula da Silva belə hesab edir.”


• Azərbaycan saytları xəbəri “Silvadan şok: Zelenski özü müharibə istəyirdi“ başlığı altında yayıblar: “Ukraynanın hazırkı rəhbəri Vladimir Zelenski ölkəsində hərbi vəziyyət yaratmaqda maraqlı olub. Bu sözləri Braziliyanın keçmiş prezidenti Luiz İnasiu Lula da Silva deyib. "O, müharibə istəyirdi. Müharibə istəməsəydi, danışıqlara daha çox vaxt sərf edərdi", - deyə o bildirib.


Lula da Silvanın sözlərinə görə, Qərb Zelenskinin ambisiyaları ilə oynayır, ona həddindən artıq diqqət yetirir: “Bəli, oğlan, sən yaxşı sənətkarsan, yaxşı komiksən, amma biz müharibəyə başlamayacağıq, sadəcə olaraq, ona görə ki, sən özünü göstərə biləsən”.


• “Time.com”: “Lula hesab edir ki, hətta Ukrayna prezidenti Zelenskinin də müharibədə payı var. “Mən görürəm ki, Ukrayna prezidenti televiziya ilə çıxış edir, onu bütün parlamentarilər ayaq üstə alqışlayırlar”, - o, qəzəbli şəkildə başını bulayır. - Bu gənc oğlan da Putin kimi müharibəyə cavabdehdir. Çünki müharibədə bir nəfər günahkar deyil”. O iddia edir ki, qapalı qapılar arxasında danışıqlar aparmağa diqqəti yönəltmək əvəzinə, Qərb liderləri Zelenskini məsuliyyətsizcəsinə şöhrətləndirirlər. Siz bu gənci ruhlandırırsınız, o da düşünür ki, sizin tortunuzun üstündəki gilasdır. Bizim ciddi söhbətimiz olmalıdır. Yaxşı, sən yaxşı komik idin. Lakin siz televiziyaya çıxasınız deyə, biz müharibə aparmayacağıq”...”


Aydındır ki, əksər solçular kimi Lulada da Rusiya heyranlığı, putinoid mərəzi var. Adam işğalçı ilə işğala məruz qalanı eyniləşdirir, Putinin Ukraynanın başına hansı bəlalar açdığını dilinə belə gətirmir. Lulanın Zelenskinin müharibə istəməsi ilə bağlı fikri iddiadır, dolayı qənaətdən doğan qərəzli nəticədir. Üstəlik, danışıqlar gedən vaxtlarda Rusiya Ukrayna şəhərlərini bombalamağı dayandırmamışdı.


Yeri gəlmişkən, Lula 50 ildir özünü diqqət mərkəzində saxlayır, əslində, Zelenskiyə qısqanc münasibəti də bu populist siyasətçinin özünü həmişə tortun üsründəki gilas saymasından qaynaqlanır...


Və Braziliyanın eks-prezidenti qlobal siyasətdə elə də tərəfsiz və mötəbər mövqe sahibi deyil ki, onun qərəzli mövqeyi şokedici olsun. Lula sadəcə rus mediasını məmnun edə bilərdi. Amma belə görünür ki, Lulanın anti-Zelenski açıqlamaları xəbərin ağına-bozuna baxmayan bizim KİV-ə də “ləzzət” verib...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir