Modern.az
Qəzənfər Həmidoğlu RAN-ın darvazası və 5-ci kolon...

Qəzənfər Həmidoğlu

RAN-ın darvazası və 5-ci kolon...

Aktual

23 İyun 2022, 17:42

Qəzənfər Həmidoğlu
 

Putinin dostu, professor İlham Rəhimov Rusiya Elmlər Akademiyasının (RAN) Ümumi yığıncağının qərarı ilə RAN-ın “Hüquq” ixtisası üzrə xarici üzvü seçildiyi gün AMEA-nın eks-prezidenti Ramiz Ənvər oğlu Mehdiyev həmin Akademiyanın “Fəlsəfə” ixtisası üzrə xarici üzvü seçilib.
 

RAN-ın Nizamnaməsinə görə, bu qurumun tərkibi akademik, müxbir üzv və xarici üzvlərdən ibarətdir. Akademiyanın xarici üzvləri dünyanın elm ictimaiyyətinin qəbul etdiyi görkəmli xarici alimlər arasından seçilir. Onların Akademiyanın ümumi iclaslarında RAN akademiklərindən fərqli olaraq həlledici səs hüququ olmur, sadəcə məşvərətçi səs sahibidirlər.
 

Maraqlıdır, Azərbaycan mediası Rəhimova təbrik üçün az qala növbəyə dursa da, Mehdiyevi nəinki təbrik etmədilər, milli akademikin həm də “Rusiyanın akademiki” olması barədə bir sətir belə vermədilər. Əslində, biznesmen-hüquqşünas və ya keçmiş iri məmur-ideoloq-filosofun dünya hüquq elminə və ya fəlsəfəsinə hansı görkəmli töhfələr verməsindən, elmi necə zənginləşdirmələrindən bəndəniz xəbərsizdir. Digər tərəfdən, Rəhimovu birbaşa RAN-ın akademiki də seçmək də olardı. Hər halda biznesmen-hüquqşünas Rusiya üçün yad, xarici, özgə adam deyil, Putinin imperiya siyasətinə dəstəkdə bir çox rus alim və hüquqşünası yeni hüquq akademikinin əlinə su belə tökə bilməz. Başqa maraqlı məqam RAN-ın indiyədək məmur-filosofu görməməsi, onun yalnız bütün yüksək vəzifələrindən kəlləmayallaq getdikdən sonra bəsirət gözünün açılması və Mehdiyevin üzünə 85 yaşında Rusiyanın elm məbədinin qapısını açmasıdır…
 

Yeri gəlmişkən, RAN son seçkidə qapılarını karvansaray darvazası kimi taybatay açmışdı: iyunun 1-də Rusiya Elmlər Akademiyasına 91 akademik və 211 müxbir üzv seçilib. Bununla da RAN üzvlərinin sayı 1814-dən 2116-ya çatıb: 890 akademik və 1226 müxbir üzv. Bundan başqa, Akademiyaya 24 ölkədən 48 xarici üzv seçilib və bununla da RAN-ın xarici üzvlərinin sayı 466-ya çatıb. Rusiyanın elmi dairələrində etiraf edirlər ki, Rusiyanın “izqoy dövlət”ə çevrildiyi bir şəraitdə uzaq xaricdən hansı alim RAN-a üzvlüyə razılığını veribsə, o, “avtomatik seçilib”. Yaxın xaric üçünsə, proteksiya işə düşüb...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir