Modern.az

Uğurlu diplomatiyanın, səbrin, hərbi qüdrətin növbəti ZƏFƏRİ

Aktual

26 Avqust 2022, 18:05

Elman Babayev
 

Laçın şəhərinin azadlığa qovuşması ilə işğaldan azad olunmuş ərazilərə Azərbaycanın nəzarəti tamamlandı
 

Şanlı ordumuz Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Artıq bu gündən etibarən Azərbaycan Respublikasının Dövlət Bayrağı Laçın şəhərində dalğalanır. Əbədi olaraq!


Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyasının, səbrin, ölkəmizin hərbi qüdrətinin növbəti TARİXİ ZƏFƏRidir!


Bu, Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” bəyanatının növbəti dəfə həyata vəsiqə qazanmasıdır.


Artıq Laçın şəhəri, həmçinin adları çəkilən digər yaşayış məntəqələri düşmən tapdağında deyil, Azərbaycan əsgəri tərəfindən qorunması Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin davamıdır. Müzəffər Ali Baş Komandanın diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun Zəfər yürüşü sayəsində Laçın şəhəri də Ağdam, Kəlbəcər kimi şəhid vermədən düşmən tapdağından xilas edildi. Cəbhədə Azərbaycan əsgərinin qanı, canı hesabına əldə olunan Böyük Qələbənin daha bir tarixi nəticəsi ortadadır!


Laçın şəhərinin və digər yaşayış məntəqlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi, eyni zamanda 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladıqları bəyanatın vaxtından tez icra olunduğunu isbat edir. Bu, məhz Prezident İlham Əliyevin düzgün idarəçiliyi, qəbul etdiyi doğru qərarlar və əldə olunan nəticələrin bir-birini tamamlaması sayəsində mümkünləşdi. Yada salmaq vacibdir ki, Laçın dəhlizinə alternativ yolun 3 il ərzində çəkilməsi və Laçın şəhərinin təhvil verilməsi nəzərdə tutulmuşdu. Bundan isə Azərbaycanın qələbəsinə sevinməyən bəzi qüvvələr tarixi zəfərimizə kölgə salmaq üçün yararlanmağa cəhdlər edirdilər və bu bəndin icra olunacağına şübhə ilə yanaşırdılar. Amma zaman əksini göstərdi və məhz vurğuladığımız faktorlar bunu daha tez həyata keçirməyə, Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasına imkan verdi.


Bu il avqustun 3-də vəziyyətin kəskin gərginləşməsindən sonra Ermənistan tərəfi rəsmi Bakının Laçın dəhlizi ilə bağlı tələblərini “qanunsuz” adlandırırdı və kənar güclərə ümid edərək vaxtı uzatmağa cəhd edirdi. Azərbaycan tərəfinin qətiyyəti, gücü Ermənistanı geri çəkilməyə məcbur etdi və Prezident İlham Əliyevin bəyan etdiyi tarixdə avqustun 25-də Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinin tam boşaldılması prosesi başa çatdı.



Bu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ilə həm də Laçın dəhlizi ifadəsi tarixə qovuşdu və bu strateji ərazi Azərbaycan Ordsunun nəzarətinə keçdi. Vurğulamaq vacibdir ki, bu dəhliz Gorus- Şuşa -Kəlbəcər-Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli coğrafi ərazi olmaqla, mühüm yüksəklikləri əhatə edir. Həmin yüksəkliklərdən Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür. “Qarabağla Zəngəzur arasında körpü rolunu oynayan Laçın dəhlizinə nəzarət kimin əlindədirsə, Qarabağ və Zəngəzur ərazilərinə də diktə edən tərəf odur”- fikri təsadüfdən doğmayıb. Ermənistan vaxtilə problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda məhz Laçın dəhlizi məsələsində güzəştə getmirdi. Düşmən tərəf 5 rayonun Azərbaycana qaytarılması müqabilində, Laçın dəhlizinə Qarabağın statusuna bərabər status verilməsini və Ermənistanın nəzarətində qalmasını istəyirdi.


Məhz vaxtilə Laçın dəhlizinin yaradılması ermənilərin işğalçılıq siyasətinin reallaşmasında böyük rol oynamışdı. 1992-ci ildə Şuşadan sonra Laçın rayonu hakimiyyət uğrunda mübarizənin, idarəetmə səriştəsizliyinin, Azərbaycan dövlətinə, xalqına qarşı xəyanətin nəticəsində ermənilər tərəfindən işğala məruz qalmışdı. Ermənilər Laçını işğal etməklə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmağa nail olmuşdular. Laçının əldən getməsi ilə Azərbaycan strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətə uğramışdı. Olduqca önəmli geostrateji mövqeyə malik olan Laçının işğalı digər rayonların işğalı üçün münbit zəmin yaratmışdı.


O dövrdə daxilimizdəki siyasi çəkişmələr, hakimiyyət savaşı, satqınlıq, ölkənin hərtərəfli böhrana sürüklənməsi cəbhədə uğursuzluqların daha da irəliləməsinə aparıb çıxarmışdı. Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin bir hissəsinin paytaxtdakı siyasi qarşıdurmalara cəlb olunması da tarixi gerçəklikdir. Nəticə o oldu ki, erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular. Həmin vaxt nə qədər qurbanlar verilsə də, ölkədə siyasi qrupların, rəhbərliyin xəyanəti ucbatından Şuşanı, Laçını qoruya bilmədik. 1992-ci il mayın 15-də AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirdikdən 3 gün sonra - mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğala məruz qaldı.


Yaxın tariximizin bu utancverici gerçəyini şanlı tarix əvəzləməkdədir. Bu gün Laçının mərkəzində Azərbaycan bayrağı dalğalanır, Laçın Azərbaycan əsgərinin etibarlı əllərindədir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri, xalqı tariximizdəki daha bir qara ləkəni, xəyanəti təmizləyib.


Beləliklə, Laçın şəhərinin azadlığa qovuşması ilə işğaldan azad olunmuş ərazilərə Azərbaycanın nəzarəti tamamlandı və sonuncu rayon mərkəzinə də nəzarət bərpa edildi. Laçın rayonu bütövlükdə əsl sahiblərinə qovuşdu. Və Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında öz ərazisində suveren hüquqlarını təmin etdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir