Modern.az
Qəzənfər Həmidoğlu Yeni Şuşa...

Qəzənfər Həmidoğlu

Yeni Şuşa...

Aktual

30 Avqust 2022, 18:22

Qəzənfər Həmidoğlu


Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimovun sözlərinə görə, yaxın 18 il ərzində - yəni, 2040-cı ilədək ərazisi 5,5 kvadrat/kilometr olan şəhərdə 23 min nəfər sakinin yaşaması nəzərdə tutulur. 


Şuşanın siyasi, tarixi, mənəvi-mədəni və simvolik anlamı təbii ki, qat-qat böyükdür,  yerləşdiyi fiziki əraziyə sığmaz. Əslində, bu məhdud  ərazinin coğrafi məkan anlamında da strateji və geosiyasi önəmi misilsizdir. 


5,5 kvadrat/kilometrlik yaşayış sahəsini sıfırdan, tamamilə yenidən və müasir standartlara uyğun qurmaq üçün 5-10 il yetərli müddətdir.

Qazaxıstan paytaxtını Akmolaya ( indiki Nur-Sultan, daha əvvəl Astana) köçürmək qərarını 1994-cü ildə vermişdi. 2-3 il ərzində şəhərdə 100-dən artıq obyekt tikilərək istifadəyə verilmişdi. Qazaxlar gerçəkdən  möcüzə-şəhər yaratdılar. 1997-ci ilin sonunda Astana Qazaxıstanın paytaxtı elan edilərkən köhnə Akmoladan əsər-əlamət qalmamışdı. Üstündən 10 il keçdikdən sonra indiki Nur-Sultanın əhalisi 3 dəfədən çox artaraq 1 milyon nəfəri keçdi.


 

Şuşa siyasi mərkəz statusunu itirib "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi", "Zaqafqaziyanın konservatoriyası"  kimi epitetlərə  sığındıqdan sonra son 100 ildə ikinci plana sıxışdırılsa da, Qalanın siyasi və strateji önəmi heç hara itmədi. İkinci Qarabağ savaşının finalı və  ruslarla ermənilərin “Qala sindromu”  bunu bir daha təsdiq etdi. Məsələ yalnız tarixi-mədəni yaddaşımıza həkk olunan, qəlbimizdə döyünən Şuşa sevgisi və ya  Şuşanı  sadəcə müqəddəs dəyər saymağımızla bağlı deyil. Strateji status heç hara buxarlanmır...


Şuşanın statusunu  sadəcə mədəniyyət paytaxtı, turizm mərkəzi və və muzey-şəhər kimi məhdudlaşdırmaq yanlış olardı. Onun Qarabağın siyasi-diplomatik, elmi-mədəni mərkəzi kimi infrastrukturu, iş həyatının cəlbediciliyi və funksionallığı ilə energetik, qaynar  bir şəhərə, ətraf şəhərlərdən yalnız relyefi ilə deyil, bütün parametrləri ilə bir boy öndə olmasına ehtiyac var. Siyasi coğrafiya bunu diqtə edir.  Amma 23 minlik şəhər məskunlaşma və uyğun resursları baxımından  çətin ki, belə bir  status iddiasına düşsün.


Köhnə narrativləri, yanaşmaları bir kənara atmaq, Qalanın hüdudlarını keçmək, ucurum-sıldırımları aşmaq və ənənəvi-tarixi  Şuşanın qoruq-çərçivəsindən çıxmaq və ətrafdakı 40-a yaxın kəndə yayılmaq lazımdır ki,  Yeni Şuşa  Qarabağ üzərində öz hökmünü sürdürsün...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?