Modern.az
Qəzənfər Həmidoğlu “Unudulmuş” İran...

Qəzənfər Həmidoğlu

“Unudulmuş” İran...

Aktual

16 Sentyabr 2022, 17:24

Qəzənfər Həmidoğlu

Həm yerli, həm də xarici media resurslarında, sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-13-də baş vermiş şiddətli döyüş ətrafında polemika, onun səbəbi, törədəni, arxasında duranı, hədəfi, udanı və uduzanının axtarışı davam edir.


Əslində, kimin və nəyin axtarılması şərtidir. Mövqelər çoxdan daşlaşıb, yəni siyasi opponentlər, fərqli düşərgə təmsilçiləri və virtual polemika tərəfləri mahiyyətlərinin, baxış tərzlərinin, inandıqları çağırışların (milli, dini, qlobal), dəstəklədikləri yanaşmanın, xidmət etdikləri tərəfin və ya ideologiyanın narrativlərini arqumentləşdirməklə məşğuldurlar.
 

Odur ki, həqiqət elə də maraqlı deyil. Maraqlı olan özünü “haqlı” çıxarmaq və üstəlik, bunu “dövlət mənafeyi və milli maraqlar konteksti”ndə etməyi bacarmaq və ya “sonuncu patriot” kimi gözə soxmaqdır. Hərçənd ki, milli maraq həqiqət kimi birmənalı kateqoriyadır. Amma bizim yazar-pozarlar, maşallah sanki hərəsi bir Akutaqavadır, Azərbaycanın milli maraqlarına hərəsi öz “Raşomon darvazası”nı açır. Fərq eləməz ki, bu darvaza-yanaşmalar o qədər köhnəlib və cəftə-arqumentləri elə paslanıb ki, cırıltısı zəhlə tökür. Amma əsas olan elə cırıltı və zəhlə tökməkdir...

Sosial şəbəkələrdə əsas günahkar kimi Rusiya önə çıxır. Hər halda, hər Brüssel görüşündən sonra Moskvanın ara qatma praktikası var. Azərbaycan və Ermənistan liderlərinin sonuncu görüşündən sonra tərəflərin sülh sazişinin imzalanması prosesində ciddi məsafə qət edəcəyinə ümidlər yaranmışdı. Təbii ki, Rusiyanın bu prosesə çomaq soxacağı gözlənilirdi və bunu özləri də etiraf edirlər. “Avropa İttifaqı qarşısına Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədini qoyub və Moskvanın Bakı və İrəvanla üçtərəfli işinə ədəbsizcəsinə soxulmağa cəhd edir”, - deyə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirmiş və bunu yolverilməz saymışdı. Aydındır ki, Bakı və İrəvan anlaşsa, Sergey Ryabkov (Lavrovun müavini) demişkən, Rusiya “manatka”sını, yəni, bor-boxçasını yığışdırıb Cənubi Qafqazdan getməli olacaq.

Bir başqa tərəf bütün günahları Qərbin, ilk növbədə ABŞ və Fransanın boynuna qoyur. İddia edirlər ki, kuklaçı ABŞ-dır, Paşinyanı marionet kimi Azərbaycana, Azərbaycan və Rusiyaya, hətta Rusiya-Türkiyə-Azərbaycan üçlüsünə qarşı oynadır. Bunlar mahir və əcaib demoqoqlardır, yedizdirmək istəyirlər ki, Rusiya sülhədayaq, sülhpərvər və sülhməramlıdır, əttöbə hərb-zərb bilməz...

Ermənilərə görə baiskar bizik, bir də Paşinyan. Azərbaycanda mövqelər sadəcə haçalanmır, haçalandıqca həm də manipulyasiya ilə çeşidlənir. Şəhid itkisi ağrısı altında situasiyanı ehtirassız dəyərləndirmək çətinləşir. Hər halda sərhəddəki eskalasiya, sərhədi keçib “işğalçıya dönmə”miz və ya qəfil "İrəli!" paradiqması Azərbaycan üçün yeni situasiyadır. Hesab edilir ki, Vətən müharibəsindən sonra regionda yeni reallıq, yeni geosiyasi situasiya yaranıb. Amma yaranmayıb - regionda gerçək yeni reallıq və konfiqurasiyası Azərbaycan-Ermənistan sülh sazişi imzalandıqdan sonra və ya İrəvan Bakının təkliflərini qəti rədd etdikdən sonra yarana bilər. Yəni, proses gedir, sürprizləri də irəlidədir...

Əslində bu yazıda diqqəti cəlb etmək istədiyim başqa mətləbdir. Bu da erməni təxribatında İranın arxa planda gizlənməsidir. Məsələn, YouTube kanallarının birinin keçirdiyi “Son hərbi toqquşmanın günahkarı kimdir” sorğusuna belə cavab verilib:
 

1. Azərbaycan - 14%

2. Ermənistan - 23%

3. Rusiya - 60%

4. Qərb və ABŞ - 3%.
 

O boyda İranı unudublar. Yaxın Şərqdəki hər münaqişə daşının altından Ermənistan sərhədini “qırmızı xətt”i elan edən, Zəngəzur dəhlizinin adını eşitdikdə qırmızı görmüş öküzə dönən İslam Respublikasının əli çıxır. Qoşunlarını Arazın aşağısında ora-bura sürməsi də Tehranın Cənubi Qafqazda hər cür eskalasiya ocağına odun atmağa hazır olduğunu göstərir. İran Ermənistanı silahlandırmağa, neft-qazla təmin etməyə hazırdır, təki İrəvan Bakı ilə anlaşmasın və ya ən azı Zəngəzur dəhlizinə razılıq verməsin.
 

İraq, Suriya və Yəmən təcrübələri göstərir ki, İran gerçəkdən bəladır, çox xatalı ölkədir. Kimsəyə sirr deyil ki, molla rejimi Azərbaycanı çoxdan hədəfinə oturdub. İran nüvə silahı ilə təhlükəli olduğu kimi, ABŞ-ın sanksiyalarından qurtulması halında da təhdid mənbəyidir. Yəni, sanksiyalardan yaxa qurtaran İslam Respublikası 3-4 dəfə artıq varlanacaq ki, bu da onun “yumşaq gücü”nün bir o qədər artması, ətraf ölkələrin işlərinə burnunu daha çox soxması deməkdir...
 

İran mollası və şəriəti burnunu hara gəldi, hər dərmə-deşiyə soxur. Cəfər Cabbarlının ruhu şad olsun, böyük yazıçının “Vəfalı Səriyyə”sində Axundla Molla Möhsünün “çox vacib” bir söhbəti var:
 

A х u n d: Bəli! Bеytülхəlayə girmək şərtləri çoх ağırdır. Şəхs gərək aftafanı sağ əlində tutub, sol əli ilə qapını açsın və sağ ayağını içəri qoyub, sonra sol ayağını daхil еtsin.
 

M o l l a: Cənab Aхund! Bəlkə bir şəхsin əli naqisdir?
 

A х u n d. Еlə olan surətdə, ərz olunsun ağanın qulluğuna, ağayi Həmzеyi-Səlyaninin buyurduğuna görə, aftafanı yеrə qoyub, hansı əli ilə mümkün olsa qapını açsın! Хülasə, Molla Möhsün, şəriət işi çətin əmrdir...
 

İran çox qəliz, həm də zəhlətökən məsələdir. Erməni gec-tez yerində oturacaq, Rusiya regiondan itilib gedəcək - o gün İranla üz-üzə qalacağıq və əsl dartışma –çəkişmələrimiz o vaxt başlayacaq....

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi