Modern.az
Qəzənfər Həmidoğlu Keçmiş naminə gələcəyi qurban vermək...

Qəzənfər Həmidoğlu

Keçmiş naminə gələcəyi qurban vermək...

Aktual

3 Oktyabr 2022, 12:32

Qəzənfər Həmidoğlu
 

İşğal etdiyi torpaqlarda psevdoreferendum keçirən, Ukraynanın 4 vilayətini ilhaq etməsi ilə “yeni situasiya” yaratdığını sanan və savaşın sonrakı gedişatı üçün strateji-psixoloji önəmə malik Limanda 5 mindən artıq rus döyüşçüsünün mühasirədə olduğu saatlarda Moskvada gurultulu mitinq keçirən Putinin Qızıl meydanda izhar etdiyi çıxışın “bəlağətli tezisləri”ndən iki qənaət çıxardım.
 

Birinçisi, Kremlin sahibi öz hikkə-ambisiyaları, Rusiyanın keçmişi naminə gələcəyini qurban verir.

İkincisi, bu adamın yalnız bir qələbəsi ola bilər, o da sağlam məntiq və düşüncə üzərində...
 

Bəllidir ki, amerikanların Rusiyaya “regional derjava” kimi baxması Putinin canını sıxırdı, buna baxmayaraq o, dünya hegemonluğu ilə bağlı xülyalarını indiyədək pərdə arxasında (“rus dünyası”, “denasifikasiya” və s.) gizlədə, ekspansiya niyyətlərini maskalaya bilirdi. Son çıxışında “Bötük tarixi Rusiya” ideoloqemasına vurğu etməsi ilə Kreml sahibi artıq maskanı çıxardı.
 

Maraqlıdır, Putin Moskvada rus əsgərinin qəhrəmanlığından, sınmaz döyüş ruhu və iradəsindən danışarkan Limanda Rusiya qoşunlarını sındırırdılar. Ukrayna Silahlı Qüvvələrinin Liman zəfəri, Luqanskda da hücum yolunun açılması yalnız hərbi baxımdan deyil, ideoloji piar və psixioloji cəhətdən də Kremlə ağır zərbədir. Ukrayna belə zəfərlərdən daddıqca qələbə iştahı daha da artır, rus ordusunun isə onsuz da yüksək olmayan döyüş ruhu belə zərbələr aldıqca yerlərə sərilir...
 

Rusiya rəhbərliyinin tələm-tələsik səfərbərlikdən mədəd umması da sağlam məntiqin tam fiaskosu idi. Hər halda “müharibə” sözünün yasaqlandığı bir ölkədə səfərbərlik elanı nonsens sayılmalıdır. Düzdür, böyük miqyasda səfərbərlik Ukrayna üçün yeni risk və təhdidlər yaradır. Amma Ukrayna ordusunun baş komandanı general Zalujnı situasiyanı konkret və dəqiq ifadə edib: “Peşəkar ordunu darmadağın etdik, həvəskarların da öhdəsindən gələrik”. Bu “ət materialı”na nəinki hərbi kadr resursu, hətta həvəskar ordu kimi baxmaq belə gülüncdür. Rus ordusu həmişə say hesabına gücünü göstərib. “Əsgərə heyfiniz gəlməsin, arvadlar yenə doğar” deyən Jukov “kəmiyyət sərkərdəsi” idi. Amma Putinin bu “kəmiyyət”i tamamilə keyfiyyətsizdir: alkaşları, xəstələri, yaşlıları, məhbusları səfərbər edirlər...
 

Bəzi şərhçilər indiki situasiyada Kiyev üçün əsas hədəfin Dneprin sağ sahilinin, Xerson və Zaporejyinin işğaldan azad edilməsinin olduğunu ehtimal edir, Donbas və Krım keysləri (case method) ətrafında müzakirələr açıla biləcəyini qeyd edirlər. Ukrayna xalqı üçün ayrıca bir keys mövcud deyil, ölkə rəhbərliyi israrla Ukraynanın bütün işğal altındakı torpaqlarda ərazi bütünlüyünü və suverenliyini tam bərpa edəcəyində təkid edir.
 

Ukrayna dövləti ruslardan sonuncu kəndini almayınca bu müharibə bitməyəcək. Ukraynanın iki alternativi var: ya qələbə, ya ölüm! Təbii ki, ağlı başında olan kimsə ölümü fikirləşməz və ukraynalılar da qələbə arzusu ilə yaşayır və vuruşurlar...
 


Putin təbii ki, axmaq deyil, amma abdallığına şübhə etməyə dəyməz. Hikkəsi və absurd xülyaları onu bu səviyyəyə endirir. Hərb meydanında uğur qazana bilməyən Rusiya lideri informasiya savaşında “əks-hücum”a keçərək hədələrlə, blef etməklə dünyanın gündəmini nüvə dəhşəti, Üçüncü Dünya savaşı narrativləri ilə məşğul edir və bundan dividend umur. Putinin ilhaqlarına Zelinskinin NATO kontrarqumenti ilə cavab verməsi, hərbi alyansa üzvlük üçün müraciət etməsi geosiyasi ehtirasları və konyunkturanı daha da qızışdırır. Belə hesab edilir ki, Ukrayna NATO üzvü olsa, Üçüncü Dünya savaşının startı veriləcək. Boş hay-küydür. Ukrayna qoşunları NATO silahları ilə rus ordusunu vurur, Kreml təbliğatı gecə-gündüz Rusiyanın Ukraynada NATO ilə, bütün “kollektiv Qərb”lə döyüşdüyündən danışır. Sadəcə və yalnız danışırlar...
 

Rusiya nüvə silahına əl atacaqmı, Üçüncü Dünya savaşı başlayacaqmı? Hansısa hikkəli bir adam “batsın belə dünya” düşüncəsi ilə hər şeyə nöqtə qoya bilərsə, ortada artıq sağlam düşüncənin müzakirə açacağı və ya təxmin edə biləcyi heç bir şey qalmır. Putin fevralın 24-də Ukraynaya girməklə sağlam düşüncəni nokauta salmışdı, onu tamamilə məhv edəcək qədər cəsarət sahibi olması isə şübhəlidir. Amma Allah bilir Putinin ağlından nələr keçir və onun beynindəkiləri oxuyub nələrisə fərz eləmək elə də nəcib iş deyil...
 

Aydındır ki, Rusiya hələ də böyük hərbi gücə malik ölkə olaraq qalır. Hər halda müasir ballistik və qanadlı raketlərə sahibdir, hərbi kadr resursları tükənsə də, hələlik kritik həddə düşməyib. Bu başqa məsələdir ki, Rusiyanın ucsuz-bucaqsız ərazisində yerləşdirilən hərbi birliklərin Ukrayna cəbəhəsinə atılması Rusiyanı tutaq ki, Uzaq Şərqdə və cənub şərq regionunda perspektivdə risklərlə üzləşdirə bilər...
 

Ukraynanın arxasında da supergüc durur. Müharibənin 7 ayını belə konstatasiya etmək olar: NATO-nun Rusiyanın bəyanatlarına, çağırışlarına reaksiyası sıfırdır, əsasən konkret addımlara reaksiya verir. Rusiya həmlələrini nə qədər artırırsa, Ukrayna bu həmlələri neytrallaşdırmaq üçün adekvat və daha müasir letal silahlarla təmin edilir. Nəticə göz qabağındadır: Rusiya yaz-yay aylarında ələ keçirdiyi ərazilərdən qaçır. Üstəlik, oktyabrın 1-dən ABŞ-ın Ukraynaya hərbi yardım proqramı - “lend liz” işə düşüb...
 

Hərb teatrının indiki mənzərəsindən belə qənaət çıxarmaq olar: ukraynalıların işğalçı ordunu torpaqlarından qovması və tam qələbəsi qaçılmazdır. Məsələ yalnız zaman və qiymətlə bağlıdır. Qələbə zamanı tez çata, amma baha başa gələ bilər. Amma əsas odur ki, Ukrayna xalqı qorxunc və dəhşətli itkilərə rəğmən o qələbəni istəyir...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir