Modern.az
Qəzənfər Həmidoğlu Sonuncu yubiley... - Putinin 70 yaşına 7 “təbriki”

Qəzənfər Həmidoğlu

Sonuncu yubiley... - Putinin 70 yaşına 7 “təbriki”

Aktual

7 Oktyabr 2022, 11:20

Qəzənfər Həmidoğlu

“Putinin vəziyyəti çox pisdir. Lukaşenko ümid edir ki, ondan çox yaşayacaq. Belarus prezidenti çox yaxın çevrəsinə “Volodya artıq həmənki deyil” deyib”. Rusiyanın qalmaqallı tarixçi, publisist və politoloqu Valeri Solovey belə deyir.


Bu həmin Soloveydir ki, vaxtaşırı Putinin xətrinə dəyir, onun Tuva şamanları ilə oturub-durduğunu iddia edir. Ukraynadakı müharibə ərəfəsində Şoyqunun şamanları tayqada bir ayı və qartalı qurban kəsərək qanda fala baxmış və Kremlin sahibi üçün ilin çox uğurlu olacağını vəd etmişdilər. Bu, qaranlıq qaldı ki, şamanlar Putinin gələcəyinə nədən Rusiyanın rəsmi və qeyri-rəsmi simvollarını qanlarına qəltan etməklə baxıblar?..


Vladimir Vladimiroviç Putinin (VVP) səhhətinin yerində olmadığına dair söz-söhbət 10-15 ildir ortalıqda fırlanır. Qərb və Rusiyada bir çoxları neçə illərlədir qiyabi müşahidə və virtual qənaətlərlə tezliklə onun sonun çatacağını deyirlər. Amma hələ də ayaqdadır. Bir həftə əvvəl Qızıl meydanda keçirilən mitinq-konsertdə elə də pis görünmürdü, turp kimi idi. Düzdür, qısa çıxışından sonra oturmağa tələsdi. Kremlə indiyədək sahiblik edənlər arasında mitinqdə, paradda oturanı görünməmişdi...


Zahiri görkəm aldadıcı da ola bilər və yaxud müasir tibb səhhətində fatal bir risk, sağalmaz xəstəlik yoxdursa, insanın ömrünü uzada bilir. Uzun sözün kəsəsi, bəlkə də Putinin fiziki ömrü uzundur, çox yaşayacaq. Amma VVP-nin siyasi ömrünün uzun sürəcəyi şübhəlidir.


Ukrayna savaşının gedişatı və tempi belə qənaətə əsas yaradır ki, Putinin siyasi ölümü daha tez baş verə bilər. Hər halda Rusiya lideri imperiya hikkə-ambisiya və xülyası ilə son bir ildə siyasi karyerasına və Rusiyanın perspektivlərinə ciddi zərbə vuracaq xeyli səhv buraxıb, yanlış hesablamalar edib və anlaşılmaz, gülünc addımlar atıb. Onlardan 7-si xüsusilə gözə batır ki, onlardan son 5-ni son yarımay ərzində edib:


1. Ukraynada savaş


2. Dünya güclərinin qarşısına alacağını hesablaya bilməməsi, Rusiyanı sanksiyalar girdabına salması


3. Rusiyanı partladacaq səfərbərlik elanı


4. Psevdoreferendum və ilhaq abdallığı


5. Nüvə şantajı


6. Şimal axını-1 və Şimal axını-2 qaz kəmərlərinə qarşı diversiya


7. Ramzan Don-don Kadırova general-polkovnik rütbəsi verib onsuz da alçaldılmış fərsiz rus generalitetini daha da qıcıqlandırması...


Bunlar VVP-nin öz yubileyinə anti-təbrikləridir və çox güman ki, Putinin bu gün, oktyabrın 7-də qeyd etdiyi 70 yaşı Kremldə baş tutmuş sonuncu yubileyi olacaq...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər