Modern.az
Qəzənfər Həmidoğlu Parisdəki Karapet...

Qəzənfər Həmidoğlu

Parisdəki Karapet...

Aktual

14 Oktyabr 2022, 18:24

Qəzənfər Həmidoğlu

 

“Parisdəki “Karapet” (Makron) İrəvandakı Nikolu əldən qoymur və qoymayacaq”.  44 günlük müharibə zamanı paylaşdığım bir statusda təxminən belə yazmışdım və yekəxana çıxmasın, bəndəniz indi özündən iqtibas edir və ya sitat gətirir...


Ay dolandı, il dolandı, Makrona bu dəfə  Praqada ürcah olduq.  Fransa lideri köhnə dünyanının Avropa İttifaqından kənar qalan ölkələrini  “Avropa Siyasi Birliyi” damı altında toplamaq istəyir.  Avropa Siyasi Birliyi   cənnətlə cəhənnəmin arasındakı Əraf kimi bir yerdir. Bildiyiniz kimi, ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər. Merkeldən sonra özünü Aİ-nin yeni komendantı təyin edən Makron da Aİ üçün ölkələri saf-çürük etmək istəyir. Əslində, ortada yeni bir şey yoxdur, “düstur”a əl gəzdirilib:   
Avropa Siyasi Birliyi = Avropa Şurası – Rusiya/Belarus.


Qayıdaq öz qoyunumuza. Praqa görüşünün ən axsaq tərəfi  orda Makronun iştirakı idi. Aydındır ki,  Azərbaycan-Ermənistan məsələsində  Parisdən yeni paradiqma ummaq üçün gərək, abdal deməyim, sonuncu sadəlövhlük olasan.  Baxmayaraq ki, bizdə Fransa liderinin “düzəlməsi”, “haqqın yolu”nu tapması barədə yazanlar da oldu...


Makronun Azərbaycan və Türkiyəyə patoloji yanaşması məşhuri-cahandır. Amma onun oktyabrın 6-da Twitter hesabında  (Emmanuel Macron@EmmanuelMacron)  “Pour une paix durable dans le Caucase” başlığı altında  Praqadakı görüşdən paylaşdığı bu şəkil Fransanın indiki prezidentinin nə qədər diplomatik etiketdən uzaq, isterik və hikkəli  birisi olduğunu göstərirdi. Guya ki, başqa foto tapmamışdı...

Bir daha məlum oldu ki, Parisdəki Karapet düzələn deyil və sonuncu açıqlaması da  göstərdi ki, onu nahaq yerə bu işə yaxın buraxıblar, prosesə çomaq soxur. Prezident İlham Əliyev də dedi ki, “bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”...


İngiliz yazıçısı Cerom K. Ceromun məşhur “Qayıqda üç adam, iti nəzərə almasaq” novellasında foksteryer Monmoransi barədə deyilir: “Monmoransinin həyat idealı bundan ibarətdir: hamıya mane olmaq və sonra da ünvanına söyüşlərə qulaq asmaq.  Arzulanmadığı yerdə məhz kiməsə sürtünmək, bezdirmək, adamları özündən elə çıxarmaq ki, başına əllərinə keçəni çırpsınlar – bax onda o hiss edir ki, günü faydalı keçib”...

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir