Modern.az
Qəzənfər Həmidoğlu Anormal müharibə: Ukrayna savaşının triggeri - imperiya hikkəsi, etnik nifrət...

Qəzənfər Həmidoğlu

Anormal müharibə: Ukrayna savaşının triggeri - imperiya hikkəsi, etnik nifrət...

Aktual

23 Oktyabr 2022, 19:02

Qəzənfər Həmidoğlu

Ukrayna-Rusiya savaşı 9-cu ayına keçir. Putinin imperiya hikkəsi ilə başlatdığı müharibə de-fakto Ukrayna və Rusiya dövlətlərinin ekzistensial davası kimi davam edir. Savaşın dəhşətli və qəddar üsullarla aparılması bir sıra perimetrləri ilə onun kökündə həm də “iki qardaş xalq” arasında etnik nifrət, kin-küdurət və davanın durmasının göstəricisidir. Hər bir halda etnik nifaqı gözardı etmək mümkün deyil. Tarixi təcrübəsə göstərir ki, ən dəhşətli və vəhşicəsinə savaşlar məhz etnik münaqişə zəminində baş verir...
 

• Həm aqressor, həm terrorist
 

Rusiya qoşunları Ukraynanın şəhər və kəndlərini atəşə tutur, ölkənin infrastrukturunu, enerji sistemini dağıdır. Moskvanın qanadlı raketlər və İran dronları vasitəsi ilə dinc insanları və mülki obyektləri atəşə tutması Rusiyanın sadəcə aqressor dövlət deyil, həm də terrorçu-dövlət olmasından xəbər verir. Buca və İzyumdakı qətliamlar da bunu təsbit edirdi.
 

Rusiya Yeni Kaxovka rayonunda Dnepr çayı üzərindəki “Kaxovski İES”in bəndini partlatmaqla hədələyir ki, regionda böyük miqyaslı fəlakətə səbəb olacaq belə bir addım hərbi-taktiki gedişdən daha çox çarəsiz terrorçunun intiqam hikkəsindən başqa bir şey deyil. Hazırda Dneprin sağ sahilində, Xerson vilayətində Rusiyanın 30 minlik qoşunu var. Antonovski körpüsünün dəlmə-deşik edildiyi, ponton (üzən) körpülərin və digər mühəndis konstruksiyalarının yetərli olmadığı bir şəraitdə o qoşunu sağ sahildən sol sahilə tezliklə keçirmək mümkün deyil. Lap buna nail olsalar belə, Kaxovski su anbarının dambası partladıldıqda sel rus qoşunlarının olduğu tərəfi daha çox basacaq. Zira rus qoşunlarının geri çəkiləcəyi Dneprin sol sahili çayın sağ sahilindən aşağıdadır.
 

• Savaşın kulminasıyası – Herson
 

Rusiyanın raketlər və İran dronları ilə hərb teatrından kənarda Ukraynanın dinc əhalisinə terror hücumu Ukrayna ordusunun döyüş meydanında hücum tempinə hazırda elə bir təsir göstərmir. Ukrayna Silahlı Qüvvələri (USQ) gec-tez Herson şəhərini işğaldan azad edəcək. Amma belə görünür ki, Ukrayna Baş Qərargahı şəhərə birbaşa hücum etməyi planlaşdırmır. USQ başqa taktikadan istifadə edir – düşməni tədricən sıxışdırır, rusların 30 minlik qoşun qruplaşmasının logistik təchizatını bloka alır və s. Situasiyanı real qiymətləndirsək, aydındır ki, Ukrayna odusunun uğuru ABŞ və müttəfiqlərinin hərbi-texniki yardımının hansı həcmdə və ritmdə olacağından asılıdır. Ukrayna yetərli atəş gücünə sahib olmasa, Rusiya qoşununu çətin ki, Dneprin sağ sahilindən asanlıqla sıxışdıra bilsin.
 

Xersondan əhalinin qaçışı və vilayətdəki işğalçı rejimin deportasiya qərarı ilə belə görüntü yaradılır ki, ruslar şəhərdən geri çəkilməyə hazırlaşırlar. İşğalçı qüvvələrin yeni komandanı, “Hələb qəssabı” və ya rusların “Генерал Армагеддон” (“Qiyamət generalı”) kimi təqdim etdikləri Surovikinin Rusiyanın dövlət telekanalına sonuncu müsahibəsində soldafon pozada “Rusiyanın qeyri-populyar və çətin qərarlara hazır olmalı olması” barədə danışması da, guya rus qoşunlarının Hersondan və Dneprin sağ sahilindən çəkiləcəyi qənaətini gücləndirdi.
 

Amma rus qoşunlarının hərbi-texniki təminat kanalları kəsilməzsə, Hersonu tərk edəcəkləri inandırıcı görünmür. Rusların Hersondan qaçmaları Putinə bu savaşda vurulacaq ən böyük hərbi-siyasi və psixoloji zərbə olacaq. Hersonu azad edən USQ-nin Krıma yolu açılacaq və ukraynalılar artıq gözlərini Sevastopola dikəcəklər. Odur ki, Herson uğrunda kritik döyüşdə şəhərin azad olması ilə savaş kulminasiya anına çata və bununla da Putinin armegedonu başlaya bilər.
 

• Etnik kin-küdurət
 

Qayıdaq mövzumuza – etnik qırğın paradiqmasına. Rusların Ukrayna dövlətinə nifrətinin, zombiləşmələrinin günahkarı sadəcə Kreml və propaqandası deyil. Onların yalnız Meydan hərəkatı, Kiyevin Qərbə meyli və ya Donbasla bağlı ukraynalılara düşmən kəsilmələri də boş narrativlərdir. Səfərbərlikdən yayınmaları Rusiyanın bir qisim əhalisinin sadəcə ölmək istəməməsinin göstəricisi idi, amma onların Ukrayna ilə savaşa qarşı olduqları demək deyil. Rusiyada, ümumiyyətlə, antisavaş ovqatının olmamasının səbəbləri sadəcə rusların əksəriyyətinin Putini dəstəkləmələri və Kremlin qaykaları dibinədək sıxıb sərt avtoritar rejim yaratması ilə məhdudlaşmır.
 

Rusiya-Ukrayna savaşının triggeri tarixi imperiya ambisiyası ilə yanaşı, həm də Moskvanın Ukraynanı dövlət, ukraynalıları ayrıca etnos kimi qəbil edə bilməmələri ilə bağlıdır. Ukraynalıların “orklar” ( Qərbi Avropa xalqlarının folklorunda və fentezi janrında uydurma humanoid məxluq, “Üzüklərin hökmdarı”nda qoblinlərə bənzər eybəcər irq, qəddar və aqressiv monstr) adlandırdıqları ruslarla rusların “xoxol” adlandırdığı ukraynalılar arasındakı tarixi nifrət yalnız cahil, savadsız kütlə içərisində kök atmayıb. Rus özünü “barin” sayır, “xoxol”a isə onun əlini öpməli olan “xolop” kimi baxır. Baxmayaraq ki, rusların böyük əksəriyyəti əsrlər boyu xolop-kölə- təhkimli kimi yaşayıb, ukraynalılara isə təhkimçilik yad olub.
 


Rus ədəbiyyatı ilə az-çox tanış olanlar bilirlər ki, Rusiya yazıçıları, bütünlükdə “intelligentsiya”sı ukraynalılara üstdən aşağı baxıblar. Sovet dönəmində hətta Anna Axmetova və Mixail Bulqakov kimi yazıçılar belə ukraynalılara ironik yanaşırdılar. Yəhudi əsilli rus şairi, SSRİ-dən ABŞ-a mühacirət etməyə məcbur olan və 1987-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alan İosif Brodskinin 1991-ci ilin dekabrında Ukraynanın müstəqilliyini elan etməsinə qarşı dərhal yazdığı, 1992-ci ilin oktyabrında Palo-Altonun (ABŞ, Kaliforniya) Yəhudi mərkəzində oxuduğu “Ukraynanın müstəqilliyinə” (“На независимость Украины”) şeiri isterik ukraynafobiya nümunəsidir. Əcaib olan budur ki, açıq təhqir və alçaldıcı manerada yazılan, aqressiv imperialist ruhlu sətirlərin müəllifi “xalis rus” yox, sovet rejiminin dissidenti olmuş yəhudi əsilli yazar idi. Özü də bu rus-amerikan şairi Ukraynanın simvol şairi Taras Şevçenkoya lağ etməyi belə özünə rəva görmüşdü:
 

С Богом, орлы, казаки, гетманы, вертухаи!

Только когда придет и вам помирать, бугаи,

будете вы хрипеть, царапая край матраса,

строчки из Александра, а не брехню Тараса.
 

Sətri tərcüməsi belədir: Allahla qalın, qartallar, kazaklar, getmanlar, vertuxaylar (oğru jarqonunda həbsxana nəzarətçisi)! Amma öküzlər, ölüm anı yetişəndə, döşəyi cırmaqlayaraq xırıldayacaqsınız. Bu, Tarasın (Şevçenko) sərsəmləməsi deyil, Aleksandrdan (Puşkin) sətirlərdir...
 

Rusiyanın hərbi-siyasi elitası ukraynalılara rusların “əlavəsi” və ya “rezerv xalqı” kimi baxırlar. Hersondan ukraynalıların deportasiyasına, daha doğrusu, zorən evakuasiyasına da bu kontekstdə baxmaq olar. Ötən ilin noyabrında RF müdafiə naziri Şoyqu Rusiyada, xüsusilə də Uralın şərqində, Sibirdə və Uzaq Şərqdə yaranmış kritik demoqrafik situasiya ilə bağlı proqramını açıqlamışdı. “Sibir ərazisində və Uzaq Şərqdə zəngin resurslar, sənaye imkanları və elmi potensial var, amma kadr defisiti və depopulyasiya müşahidə olunur”, - deyən Sergey Kujugetoviçin ölkənin şərqində demoqrafik və infrastruktur deqradasiyası təhdidindən qaçmaqla bağlı layihəsi RF Müdafiə Nazirliyinin geosiyasi risklərlə, ilk növbədə yaxınlıqdakı 1,5 milyardlıq Çinin həmin ərazilərə “dinc ekspansiyası” tendensiyasının güclənməsi ilə əlaqədar idi. Şoyqunun proqramına görə, Sibirdə milyon nəfər sakini olacaq 5-6 şəhər inşa edilməlidir. Amma bir tərəfdən rusların sayı azalır, digər tərəfdən hamının Sibirdən qaçdığı bir vaxtda kim könüllü gedib o yerlərdə məskunlaşmaq istər? Şoyqunun layihəsini açıqladığı həmin payız günlərdə Putin ABŞ və NATO-ya məlum ultimatumunu vermiş, çox güman ki, qafasında Ukraynaya soxulmaq planını hazırlayıb bitirmişdi?
 

Belə görünür ki, Putin Ukraynadan yalnız torpaq deyil, həm də əhali qoparmaq istəyir. Bu baxımdan ukraynalıların Rusiyanın işğal etdiyi ərazilərdən kütləvi deportasiyası general Şoyqunun “demoqrafiya proqramı”nda göstərilən populyasiya probleminin həlli yollarından biridir...
 

Rusiya generalitetinin, ümumiyyətlə, millətçi-imperialist siyasi elitasının ən çox sevdiyi və sitat gətirdikləri müəlliflərdən biri Rusiya imperiyasınn general-feldmarşalı Burhard Xristofor fon Minixdir. Alman əsilli qraf Minix 1765-ci ildə belə yazırdı: “Rusiya dövləti digər dövlətlər qarşısında üstünlüyə sahibdir, çünki o, Cənab Allahın özü tərəfindən birbaşa idarə edilir. Yoxsa anlamaq mümkün deyil ki, o, ümumiyyətlə, necə idarə olunur...”

Yeri gəlmişkən, Putinin “dünya nəyimizə lazımdır, əgər orda Rusiya yoxdursa” sözləri feldmarşal Minixdən plagiatdır...
 

• Maharibə üçün müharibə
 

Ukrayna üçün bu savaşda hədəf torpaqlarını azad edərək işğalçını qovmaqdır. Rusiya prizmasından isə artıq bu savaşı anlamaq mümkün deyil. Putin guya Ukrayna xalqını “Kiyevdəki nasist rejim”dən “xilas” etmək üçün qonşu ölkəyə soxulmuşdu, amma indi həmin xalqı qırmaqla məşğuldur.
 

Rusiya lideri anlayır ki, fatal səhv buraxıb, işlər onun planına uyğun getmir. Onun təsəvvüründə Kiyevdə güllə qarşılanmaq vardı, belə hərb teatrının oyunçusu olacağı pis yuxusunda da ağlına gəlməzdi. Artıq Putin Rusiyadan daha çox canını qurtarmaq üçün savaşır. Bu da indiki situasiyada Rusiyanın müharibədə məqsədinin nə olduğunu anlaşılmaz edir. Nəticədə savaş naminə savaş gedir və müharibə uzundıqca anormallaşır, onun sivil normalarla başa çatacağına daha çox şübhə yaranır. Moskvada savaşdan necə çıxmaq və ölkənin yaralarını perspektivdə necə sarımaqla bağlı konsepsiyalar bir kənara atılıb. Əksinə RF-nin sərsəm millətçi kəsimi savaşı Rusiyanın mövcudluğu üçün normal, təbii və faydalı hal sayır.
 

Putinin baltasının Ukraynada daşa dəyməsi, dünyanın “ikinci ordusu”nun fərsiz çıxması, Qərbin Kiyevin arxasında durması bu savaşın pozitiv məqamlarıdır. Amma müharibə uzandıqca dünya daha çox çıxmaza girir. Bəzi nəzəri sxemləri nəzərə almasaq, ABŞ və müttəfiqlərində savaşın gedişatı və sonu ilə bağlı adekvat mövqe yoxdur. Hələ də iki strategiya arasında vurnuxurlar. Blinken-Ostin yanaşmasına görə, Rusiya fatal səhvə yol verib və şans yaranıb ki, şər imperiyasına birdəfəlik son qoyulsun və yeni dünya düzəni qurulsun. İkinci strategiyaya görə, nüvə silahına sahib bu şər qüvvəni mümkün qədər məhdudlaşdırmaq, əhliləşdirmək və tədricən sivil dünyaya uyğunlaşdırmaq...
 

Tarixdən dərs çıxarmaq lazımdır. 1991-ci ildə SSRİ dağılanda Rusiyanın zamanla “düzələcəyi”nə ümid edilirdi, amma düzəlmədi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var