Modern.az
Qəzənfər Həmidoğlu “Azərenerji” Putinə “hibrid savaşı” açdı

Qəzənfər Həmidoğlu

“Azərenerji” Putinə “hibrid savaşı” açdı

Aktual

12 Dekabr 2022, 14:00

Qəzənfər Həmidoğlu

Rusiyanın 9 dekabr - Vətən qəhrəmanları günü ilə bağlı Kremldə rus ordusunun “məğlub qəhrəmanlar”ına “Qızıl ulduz” medalları paylayan Putin, deyəsən, Medvedevə qoşulub dozanı bir az qaçırmışdı, dili topuq vururdu. Amma əlində badə vəd etdi ki, Ukraynanın işığını mütləq söndürəcək:

“İndi qonşu ölkənin energetik infrastrukturuna zərbələrimizdən dolayı çox səs-küy salırlar. Bəli, biz bunu edirik... Biz bir az hərəkət edən kimi bütün aləmə hay-küy, gurultu salırlar. Amma bunlar bizim döyüş tapşırığını (?) yerinə yetirməyimizə əngəl ola bilməz...”


Dekabrın 10-da Putinin döyüş hədəfinə - yəni, xüsusi işıqsöndürmə əməliyyatına qəfil zərbə gəldi. “Azərenerji" ASC Ukraynaya 45 güc transformatoru və 50 generator yolladı. Yardımın ümumi dəyəri 1 milyon 422 min manat, çəkisi 52 tondur. Üstəlik, “Azerenerji” yalnız maddi dəstəklə yetərlənmədi, siyasi-mənəvi jest etdi. Bildirdi ki, “Azərbaycan dost Ukrayna xalqının yanındadır”.


Dekabrın 5-də Moskvada Lavrovla görüşən Ceyhun Bayramov Azərbaycan və Rusiya arasında yüksək səviyyəli dialoqdan və sıx təmasların olmasından məmnunluğunu ifadə etmişdi. 5 gündə nə oldusa, “Azərenerji” energetikadan diplomatiyaya keçdi və ASC-nin səlahiyyətli nümayəndəsi Səməd İslamov bildirdi ki, Azərbaycan və Ukrayna dövlətləri və xalqları arasındakı münasibətlərin zəngin tarixi var:

“Ukraynanın böhranlı və çətin günlərində yenə də Azərbaycan dost Ukrayna xalqının yanındadır. Baş verən hadisələr nəticəsində Ukraynanın infrastrukturuna çox ciddi zərər dəyib. Məhz ona görə, Azərbaycan dövləti elektrik avadanlıqlarından ibarət növbəti yardımı Ukraynaya yola salır. Ukrayna xalqına tezliklə sülhün bərqərar olmasını arzulayırıq və bu yardımlar mütəmadi olaraq göndəriləcək”.

Yəni, Ukraynanın işıqları sönməyəcək. Beləliklə, ekoloqlardan sonra energetirlərimiz də Rusiyaya “hibrid savaş” açdılar...

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir