Qəzənfər Həmidoğlu Arvad hesabına dolanmaq...

Qəzənfər Həmidoğlu

Arvad hesabına dolanmaq...

Aktual

18 Yanvar 2023, 12:14

Qəzənfər Həmidoğlu

Deyirik ki, adam kişi olar! Bunun alt anlamından absurd bir şey çıxır – yəni, adam qadın olmaz! Düzdür, bu ifadədə subyekti (adam) azərbaycanca, obyekti (kişi) Türkiyə türkcəsində anlasaq, “ortaq türkcə”də normal bir şey alınır: adam adam olar! Amma “adam arvad olmaz” çağırış-tənə-ultimatumu arxetipimizi elə girov götürüb ki, bizdə milli mental pozitivizm həmişə axsayır, zira biz neqativsevərlərik...

Deməli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Müsavat TV-nin canlı efirində aparıcı Sevinc Telmanqızının "necə dolanırsınız?" sualına belə cavab verib:

"Yoldaşım məktəbi qırmızı attestatla, universiteti qırmızı diplomla bitirib. Onu Nemət Pənahlının yoldaşı olduğu üçün işə götürmədilər. Amma yüksək səviyyədə əl qabliyyəti var. Hicablı bir rəfiqəsinin gəlinliyini bəzədi, ondan sonra hicablı gəlinlər bəzənmək üçün kütləvi şəkildə gəldilər yoldaşımın yanına. Həcər xanım ondan sonra başladı bu işlə məşğul olmağa. Bu, bizim yeganə dolanışıq mənbəyimizdir".

Musavat.com-a istinadən azı 20-25 sayt bu xəbəri "Mən arvad hesabına dolanıram" başlığı ilə yayıb, bəziləri manşetdən veriblər. Pənahlının kimliyinin, keçmisinin və ya indisinin mətləbə dəxli yoxdur. Onu sevən sevər, sevməyən sevməz, özünü siyasətçi adlandıran digər fiqurlar kimi Pənahlı da ortalıqda fırlanır, küllənir və başını girələyir. Amma “arvad hesabına dolanmaq” başqa şeydir, Pənahlının xanımı və dolanışığı barədəki fikirlərindən belə qənaət hasil etmək ən azı adamlıq kriteriyasına aid məsələdir.

“Arvad hesabına dolanmaq” həyat yoldaşı sayəsində ərin sərvət, mal-mülk, mənsəb, məqam sahibi olması deməkdir. İş tapmayan bir ərin xanımının halal zəhməti ilə ailəsini saxlamasını “arvad hesabına dolandırmaq” kimi dəyərləndirmək həmin əri incitmək, sancmaq və ya alçaltmaqdan daha çox ondan xəbər verir ki, həmin dəyərləndirənlərin əxlaqi-mənəvi meyarları plintusun altındadır...

Twitter
Sizə yeni tvit var
Keçid et
İran rejiminin soydaşlarımıza qarşı QƏTLİAM PLANI