Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı nəticəsində şəhid olan Orxan Əsgərovun dəfn mərasimi keçirilib.
Modern.az xəbər verir ki, şəhidin cənazəsi İkinci Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.
Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digərləri iştirak ediblər.
***
10:50
Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktı zamanı şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilib.
Modern.az xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun evində təşkil olunub.
Mərasimdə şəhidin ailəsi, yaxınları, həmkarları, xarici işlər nazirinin müavini Xələf Xələfov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər rəsmi şəxslər də iştirak ediblər.
Vida mərasimindən sonra Orxan Əsgərovun nəşi İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.
***
Video əlavə olunub.